“Rusiya və Azərbaycan iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər”
Fevralın 22-də Moskvada “Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Sənədi prezidentlər Vladimir Putin və İlham Əliyev imzalayıb. Bəyannamə 43 bənddən ibarətdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Bəyannamə “İki dövlət arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və prezidentlərin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslanıb.
Sənəddə deyilir ki, tərəflər münasibətlərini iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
XİN-in məlumatına görə, bəyənnamədə vurğulanır ki, tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər:
“Rusiya və Azərbaycan iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.
XİN-in məlumatına görə, sənəddə qeyd olunur ki, tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər. Silahlı qüvvələr arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər:
“Hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər”.
Həm də qeyd olunub ki, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya və Azərbaycan bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.
Sənədə görə, Rusiya və Azərbaycan digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər. Milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar. Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Sənəddə informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafına dəstək göstərilməsi məsələsinə də toxunulub:
“Yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər. Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər”.
Bundan əlavə, aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.
Bəyənnamədə dövlətlərin müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə dəstək verməklə qarşılıqlı fəaliyyət göstərilməsinin vacibliyi də vurğulanıb.