İki saat davam edən danışıqlarda razılaşdırılan yeganə məsələ 1000 hərbi əsirin dəyişdirilməsi olub
Mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar olub.
Bu, iki tərəf arasında müharibə başlayandan, yəni 2022-ci ildən bəri ilk belə görüşdür.
Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Kit Kelloq və ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak iştirak edib.
Ukrayna tərəfini görüşdə Prezident Adminstrasiyasının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident Adminstrasiyasının rəhbərinin müşaviri Aleksandr Bevz təmsil edib.
Rusiya nümayəndə heyətində Prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov olub.
Türkiyə tərəfindən isə görüşə Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan qatılıb.
İki saat davam edən danışıqlardan sonra bildirilir ki, tərəflər atəşkəs barədə razılığa gəlməyiblər.
Rəsmi şəkildə razılaşdırılan yeganə məsələ 1000 hərbi əsirin qarşılıqlı şəkildə dəyişdirilməsinin olduğu deyilir.
Rusiya tərəfi danışıqlardan məmnun qaldığını bildirib və gələcək müzakirələrə hazır olduqlarını açıqlayıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski hər iki ölkənin liderləri arasında birbaşa görüşün təşkilini müzakirə etməyə hazır olduqlarını qeyd edib.
Ukrayna isə danışıqların nəticəsiz qaldığını və Rusiya tərəfindən irəli sürülən şərtlərin “qəbuledilməz” olduğunu bildirib. Rusiya tərəfi indiyədək işğal etdiyi əraziləri özündə saxlamaqla sülh danışıqlarına razılıq verib.
Sülh danışıqları ilə bağlı təşəbbüs mayın 11-də Rusiya Prezidenti Vladimir Putindən gəlsə də, özü danışıqlara qatılmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də Putin gəlmədiyi üçün danışıqlarda iştirak etməyib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Tərəflər arasında indiyə kimi sülh və atəşkəs olmayıb.