Dövlət Turizm Agentliyi Rusiya və Belarusdan olan jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili məqsədilə 257 590,47 manat vəsait ayırıb.
Bu məqsədlə Agentlik dövlət satınalmalarının vahid internet portalı üzərindən “Vata” MMC ilə müqavilə bağlayıb. Şirkətin rəhbəri Faiq Məhəmməd oğlu Məmmədovdur. Layihə çərçivəsində xarici media nümayəndələrinin ölkəyə cəlb olunaraq turizm potensialının tanıdılması nəzərdə tutulur.
Məlumata görə, bu xidmət üzrə ehtimal olunan satınalma dəyəri 728 304,20 manat təşkil edib. Müqavilə məbləği daha aşağı olsa da, ayrılan vəsait ictimai müzakirələrə səbəb olub.
Dövlət Turizm Agentliyi bu ilin fevral ayında ümumi dəyəri 6 milyon 51 min 904 manat olan 12 açıq tender elan edib.
Bəzi ekspertlər hesab edir ki, bu tip xərclər yüksəkdir və daha qənaətcil təşviq mexanizmlərinə üstünlük verilməlidir.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə isə tənqidləri əsassız sayaraq bildirib ki, turizmdən əldə olunan milyardlarla gəlir fonunda bu cür yanaşmalar sadəlöhvdür və rəqəmsal marketinq, eləcə də xarici media nümayəndələrinin cəlbi turizmin təşviqində əsas alətlərdəndir.
