Rusiya Ukraynadakı itkilərini “böyük faciə” adlandırıb

Şərti şəkil. Foto: Meydan TV

“Rusiyanın əhəmiyyətli qoşun itkisi var”

Rusiya hökuməti Ukraynadakı altı həftəlik müharibə ilə bağlı açıqlama yayıb.

Hökumət artan əsgər itkisini “faciə” adlandırıb, sanksiyaların iqtisadi ağırlığını təsvir edib.

Ukrayna hakimiyyəti isə mülki insanları şərqdən yaxınlaşan böyük hücumdan qorumağın yollarını axtarır.

Ukrayna hökuməti bildirib ki, Rusiyanın hərbi müdaxiləsi nəticəsində 4 milyondan çox insan xaricə sığınıb.

Minlərlə insan isə həyatını itirib və ya yaralanıb.

Ukrayna şəhərləri xarabalığa çevrilib.

Moskva isə bildirir ki, iqtisadiyyatı son 30 ilin ən çətin vəziyyətinə düşüb. Buna səbəb qoyulan sanksiyalardır.

“Digər tərəfdən isə BMT Baş Assambleyası “davam edən insan haqları və humanitar böhrandan ciddi narahatıq”, – deyə bəyanat yayıb.

Eyni zamanda, Rusiyanı BMT İnsan Haqları Şurasının üzvlüyündən kənarlaşdırıblar.

Rusiya hökuməti əvvəlki açıqlamalarda Ukraynaya hərbi müdaxilənin istədiyi qədər sürətlə getmədiyini etiraf etmişdi. Aprelin 7-də isə Kremlin sözçüsü Dmitri Peskov ölənlərin sayının artmasına təəssüfləndiyi ilə bağlı açıqlama verib.

O, “Sky News”a müsahibəsində bildirib ki, Rusiyanın əhəmiyyətli qoşun itkisi var: “Bu, bizim üçün böyük faciədir”.

Ukraynanın Baş Qərargahı isə aprelin 7-də açıqlama verərək bildirib ki, Rusiya qüvvələri mühasirədə olan cənubdakı Mariupol limanını ələ keçirməyə çalışır. Eyni zamanda, şərqdəki İzyum şəhəri yaxınlığında döyüşlərə hazırlaşır.

Rusiya fevralın 24-də Ukraynanın demilitarizasiyası üçün “xüsusi hərbi əməliyyat” adlandırdığı müdaxiləyə başlayıb.

Kiyev və onun Qərb müttəfiqləri Rusiyanın bu müdaxiləsini işğal adlandırıb.

Buça şəhərində mülki əhalinin ölümünə cavab olaraq Qərb Rusiyaya yeni sanksiyalar tətbiq edib. Olanları isə “müharibə cinayəti” kimi qınayıb.

Sanksiyalardan sonra Ukrayna müttəfiqlərini onu hərbi cəhətdən gücləndirməyə, Rusiya nefti və qazını almağı dayandırmağa çağırıb. Bu isə Avropadakı parçalanmaları üzə çıxarıb.

“Ukraynaya döyüş meydanında qalib gəlmək üçün vasitələr verəcək silahlara ehtiyacı var və bu, Rusiyaya qarşı mümkün olan ən güclü sanksiya olacaq”, – prezident Volodimir Zelenski aprelin 6-da belə açıqlama verib.

O həmçinin bildirib ki, Kiyevin şimal-qərbində Rusiya qoşunlarından geri alınan başqa bir şəhər olan Borodyankada vəziyyət Buça ilə müqayisədə “xeyli dərəcədə qorxulu”dur. Lakin o, şəhərdə mülki əhalinin ölümündə Rusiyanın məsuliyyət daşıdığına dair əlavə təfərrüat və ya sübut təqdim etməyib.

“Reuters” müxbiri xilasetmə qrupları yerlə-yeksan olmuş və yanmış yaşayış binasının dağıntıları arasında axtarış apararkən, yaxınlarını axtaran ailələrlə danışıb.

“Anam, qardaşım, qardaşımın arvadı, anası və qayınatası, eləcə də zirzəmidə olan digər insanlar hələ də oradadırlar”, – sakin Vadim Zaqrebelnıy “Reuters”ə bildirib.

Rusiya isə daim açıqlamalarında mülki əhalinin hədəf alındığını təkzib edir və Buçadakı cəsədlərin görüntülərinin daha çox sanksiyalara haqq qazandırmaq və sülh danışıqlarını pozmaq üçün çəkildiyini deyir.

Ukraynalı ekspert Mykhailo Podolyak aprelin 6-da televiziyada açıqlama verərək bildirib ki, proses başlayandan hər iki tərəf “daim” onlayn danışırdı: “Lakin Buçadakı hadisələrdən sonra əhval tamam dəyişib”.

Avropa İttifaqı Moskvaya qarşı beşinci raund sanksiyaları razılaşıb. Bura Rusiyadan mavi yanacaq almamaq da daxildir.

Lakin Budapeştin Rusiya qazı üçün rubl ödəməyə hazır olduğunu bildirməsindən sonra Ukrayna Macarıstanı Avropa İttifaqının birliyini pozmaqda ittiham edib.

Digər bir yandan döyüş meydanı olan Ukrayna şərq və cənubda mülki şəxslər üçün 10-a yaxın təxliyə dəhlizi yaratmağı hədəfləyir.

Bildirilir ki, on minlərlə insanın enerjisiz və təchizatsız qaldığı Mariupolun cənub limanından qaçmağa çalışanlar şəxsi avtomobillərdən istifadə etməli olacaqlar.

Ukraynanın şərqində yerləşən Dnepr şəhərinin səlahiyyətliləri də qadınları, uşaqları və qocaları şəhəri tərk etməyə çağırıb.

Britaniya hərbi kəşfiyyatı Rusiya qüvvələrinin şərq və cənubdakı şəhərləri atəşə tutduğunu və onların nəzarətində olan İzyum şəhərindən daha da cənuba doğru irəlilədiyini bildirib.

Moskva isə bir rus əsgərinin Ukraynada hərbi əsir kimi saxlanılarkən döyülməsi və ölümlə hədələnməsi iddiaları ilə bağlı cinayət işi açıb.

Ayrı-ayrılıqda, “Reuters”in təsdiqlədiyi və Kiyevin qərbindəki bir bölgədə geolokasiya edilmiş sosial media videosunda Ukrayna qüvvələrinin əsir götürülmüş və ağır yaralı rus əsgərini güllələyərək öldürdüyü görünür.

Ukraynanın baş prokuroru İrina Venediktova bildirib ki, Borodyanka, Buça və İrpin kimi digər şəhər və kəndlərin daxil olduğu Kiyev vilayətində səlahiyyətlilər 40-ı uşaq olmaqla 650 cəsəd tapıb.

Ukrayna Prokurorluğu işğalın başladığı 24 fevraldan bu yana ölkədə 169 uşağın öldürüldüyünü, 306 uşağın isə yaralandığını bildirib.

Buça şəhərinin meri, onlarla insanın rus qoşunları tərəfindən həyata keçirilən məhkəməsiz qətllərin qurbanı olduğunu söyləyib.

“Reuters” bu rəqəmləri təsdiq edə bilməyib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Ana səhifəDünyaRusiya Ukraynadakı itkilərini “böyük faciə” adlandırıb