Rusiya Ukraynada humanitar karvanı vurub: 23 nəfər ölüb, 28 yaralı var (yenilənib)

Foto: Ukrinform

Humanitar karvana raket hücumu nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”-da məlumat yayıb.

62 nəfərin hospitala yerləşdirildiyi qeyd edilib.


Oleksandr Starux ölənlərin hamısının mülki şəxs olduğunu deyir

Sentyabrın 30-da səhər saatlarında Rusiya qoşunlarının Ukraynanın Zaporojye şəhərinin çıxışında mülki humanitar karvanı raket atəşinə tutduğu bildirilir.

Məlumatı şəhər hərbi administrasiyasının sədri Oleksandr Starux “Telegram” kanalında yayıb.

İlkin məlumatlara görə, 23 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Oleksandr Starux ölənlərin hamısının mülki şəxs olduğunu vurğulayıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkələri Rusiyanın hücumunu pisləyiblər.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiya Ukraynada humanitar karvanı vurub: 23 nəfər ölüb, 28 yaralı var (yenilənib)