Mərkəzi Bank: “Xarici ölkə vətəndaşlarının banklardakı vəsaitləri artıb”
Xarici ölkə vətəndaşlarının Azərbaycan banklarına yerləşdirdikləri vəsaitlərin məbləğində artım müşahidə olunur.
Mərkəzi Bankın açıqladığı rəqəmlərdən belə aydın olur.
Bildirilir ki, 2022-ci ilin əvvəlində fiziki şəxslərin Azərbaycan banklarında yerləşdirdiyi vəsaitlərin 3.2 faizlik hissəsi xarici ölkə vətəndaşlarına məxsus olub.
Martın sonunda bu rəqəm təxminən 7 faizə qalxıb.
Resurs İqtisadçılar Klubu (RİK) hesab edir ki, rəqəmlərdəki artım Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın maliyyə sektoruna təsirsiz ötüşmədiyinin göstəricisidir: “Əmanətlərin strukturunda xarici ölkə vətəndaşlarının payının artmasının səbəbi bu ilin fevral və mart aylarında xarici ölkə vətəndaşları tərəfindən banklara böyük məbləğdə pulun yerləşdirilməsidir”.
Fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayıb. Buna etiraz edən Qərb ölkələri, eləcə də Kanada, ABŞ Rusiya iqtisadiyyatına ciddi sanksiyalar tətbiq edib. Həmin sanksiyalar Rusiyanın dövlət və böyük özəl banklarına da yönəlib.
Nəticədə qonşu ölkə banklarına xarici vətəndaşların qoyduqları vəsaitin həcmində artım baş verib.
“Əgər yanvarın sonunda əcnəbilərin Azərbaycan banklarında saxladığı vəsaitlərim həcmi 294.1 milyon manata bərabər idisə, fevralın sonunda bu rəqəm 551.7 milyon manat, martın sonunda isə 722.5 milyon manat olub. Yəni müharibənin davam etdiyi iki ay ərzində xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin həcmi 428 milyon manat artıb”, – RİK bildirir.
Əlavə edilir ki, vəsaitlərin valyuta strukturuna nəzər saldıqda əcnəbilərin əmanətlərini daha çox xarici valyutalarda yerləşdirdikləri aydın olur. Bu əmanətlərin 74.3 faizi xarici valyutadadır.
Aprelin 6-da Böyük Britaniya Rusiyanın “SberBank” və “Alfa Bank”larına qarşı tam bloklayıcı sanksiyalar elan edib.
Daha öncə Amerika Birləşmiş Ştatları da hər iki banka sanksiya tətbiq edib.
Ağ Ev bu tədbirlərin Avropa İttifaqı və Yeddilik Qrupu ilə birgə əlaqələndirilmiş şəkildə görüldüyünü açıqlayıb.
“Sberbank” sanksiyalarla bağlı açıqlama yayıb: “Cəzalar bankın əməliyyatlarına əhəmiyyətli təsir etməyəcək”, – deyib.
“Alfa Bank” isə Rusiyada normal biznes əməliyyatlarını davam etdirdiyini bildirib.
Bankın sözçüsü bildirib ki, sanksiyaların müştərilərin bankda dollar saxlamasına necə təsir edəcəyi hələlik bəlli deyil.
Rusiyaya məxsus “Sberbank” ölkənin ən böyük maliyyə qurumudur və bank aktivlərinin təxminən üçdə birinə nəzarət edir.
“Alfa Bank” isə Rusiyanın ən böyük özəl bankıdır. Bu bank Avropa İttifaqı və Böyük Britaniya tərəfindən şəxsi sanksiyalara məruz qalan milyarder oliqarx Mixail Fridman tərəfindən təsis edilib.
ABŞ və Avropa İttifaqı ölkələri təkcə banklara sanksiyalar tətbiq etməyib, həm də Rusiyanı SWIFT beynəlxalq maliyyə mesajlaşma sistemindən kənarlaşdırıb.
Beynəlxalq ekspertlər düşünür ki, sanksiyalar Rusiyada ÜDM-i 2022-ci ildə azı 10 faiz azaldacaq. Eyni zamanda, rusların həyat səviyyəsini 1980-ci illərdə Sovet İttifaqının son günləri ilə müqayisə olunabiləcək səviyyəyə salacaq.
Bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov daha öncə Meydan TV-yə bildirmişdi ki, Rusiyanın bank sektoruna qoyulan məhdudiyyətlər gələcəkdə bu ölkədəki biznesin müəyyən hissəsinin Azərbaycana axmasına gətirə bilər. Bu da Azərbaycanın bank sistemində aktivlərin artmasına səbəb olacaq:
“Yəni Rusiyamənşəli şirkətlər Azərbaycana gəlib, burada bank hesabları açmaq istəsə (və artıq istəyirlər), bu, baş verəcək. Əslində bu, Azərbaycanın bank sistemi üçün müsbət haldır. Sadəcə ehtiyatlı olmaq lazımdır ki, bunu edərkən biz Rusiyaya sanksiyaların yanından ötməyə kömək edirik kimi görünməyək. Pul qazanmaq üçün yaxşı fürsətdir, lakin çox ehtiyatlı olmaqda da fayda var”.