Rusiya Qroznıya pilotsuz uçuş aparatları tərəfindən hücum edilməsini təsdiqləyib

Foto: Anadolu agentliyi

“Pilotlar iki dəfə təyyarəni Qroznıya endirməyə cəhd ediblər, lakin buna nail ola bilməyiblər”

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov AZAL-a məxsus təyyarənin Qroznı hava limanına enərkən şəhərə pilotsuz uçuş aparatları tərəfindən hücum edilməsini təsdiqləyib.

“Meduza” onun bəyanatını “TASS”a istinadla yayıb.

Agentliyin rəhbərinin sözlərinə görə, həmin gün, dekabrın 25-də, elə qəza baş verən saatlarda Qroznı hava limanı ərazisində vəziyyət ağır olub.

“Həmin vaxt Ukraynanın döyüş pilotsuz təyyarələri Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastrukturlara terror hücumları həyata keçirib. Bununla əlaqədar olaraq Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal yola salınmasını nəzərdə tutan “Xalça” rejimi tətbiq edilib”, – Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri bildirib.

O, hava limanı ərazisində də sıx dumanın olduğunu iddia edir. Onun sözlərinə görə, pilotlar iki dəfə təyyarəni Qroznıya endirməyə cəhd ediblər, lakin buna nail ola bilməyiblər.

Yadrov iddia edib ki, təyyarənin komandirinə eniş üçün Rusiyanın digər hava limanları təklif olunub, lakin o, Aktau hava limanına uçmaq qərarına gəlib.

Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb, hadisə nəticəsində 38 nəfər ölüb.

“Euronews” və “Reuters” Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verir ki, qəzaya Rusiya raketi səbəb olub.

Nəşrlər yazırlar ki, raket Qroznı üzərində “dron hava fəaliyyəti” zamanı Bakıdan Qroznıya uçan təyyarəyə atılıb. Raket təyyarənin yaxınlığında partlayaraq onu zədələyib.

“Euronews”un mənbələrinin məlumatına görə, zədələnmiş təyyarənin ekipajı təcili eniş tələb edib, lakin Rusiyanın heç bir hava limanında enişinə icazə verilməyib, bundan sonra onlara Xəzər dənizi üzərindən Aktau istiqamətində uçmaq əmri verilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Bakının “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasına görə Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatlarından xəbərdardır, lakin hadisənin səbəbləri araşdırılana qədər qiymətləndirmək hüququ yoxdur.

Ana səhifəSiyasətRusiya Qroznıya pilotsuz uçuş aparatları tərəfindən hücum edilməsini təsdiqləyib