Miqrasiya qaydalarını pozanlara inzibati məsuliyyət və cərimələr nəzərdə tutulduğu bildirilir
Rusiyada yaşayan qanunsuz miqrantların sayı açıqlanıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, miqrasiya qanunvericiliyini pozanların sayı 95 min 608 nəfərdir.
İrina Volk xatırladıb ki, 2024-cü ilin avqustunda “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna edilən dəyişikliyə əsasən, miqrasiya qaydalarını pozanlara inzibati məsuliyyət və cərimələr nəzərdə tutulub.
2025-ci il fevralın 5-dən etibarən Rusiyda qanunsuz miqrantların deportasiyasının sadələşdirilmiş proseduru qüvvəyə minib.
Prosedura əsasən, polis əməkdaşları ölkədə qanunsuz yollarla məskunlaşan xarici vətəndaşları məhkəmə qərarı olmadan deportasiya edə biləcəklər.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin daha öncə bildirmişdi ki, bu tədbir ölkədə təhlükəsizliyin artırılmasına yönəlib.
Qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunurlar.
Rusiya Prezidenti Vladimir Putinin 2024-cü il dekabrın 30-u imzaladığı fərmana əsasən, ölkədə yaşayan qeyri-qanuni miqrantlar 2025-ci il aprelin 30-na qədər ölkədən çıxarılmalıdır.
“Crocus City Hall”da baş verən terror hadisəsindən sonra Rusiyada miqrantlar üzərində nəzarət gücləndirilib.
2024-cü il martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror hücumundan sonra şübhəli şəxs qismində həbs olunanlardan dördünün Tacikistan vətəndaşı olduğu bildirilib.
Dalerjon Mirzoev, Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduniyə qarşı “mütəşəkkil dəstənin tərkibində terror aktı törətmək” ittihamı irəli sürülüb.
Bundan sonra sonra taciklərin Rusiyada fiziki təzyiqlərə məruz qaldığı deyilirdi.
Ekspertlər hesab edirlər ki, miqrantlara qarşı qaydalar sərtləşəndən sonra Rusiyada yaşayan azərbaycanlıların ölkəyə axın artacaq və Azərbaycanda əmək bazarında işsizlərin sayı çoxalacaq.