Rusiya ordusunun hərbi cinayətlərinin izində – Kiyevdən xüsusi reportaj

Bir vaxtlar dünyada çox az insanı maraqlandıran Buça, İrpin, Hostomel və Borodyanka kimi şəhərlər hazırda haqqında ən çox danışılan məkanlara çevriliblər. Səbəb isə bu şəhərlərin Rusiya ordusunun hərbi cinayətlərini sərgiləyən bir növ açıq hava-muzeyi olmasıdır. Meydan TV-nin əməkdaşı Orxan Məmməd də adıçəkilən yerlərdə olub, sakinlərlə görüşüb və hərbi cinayətlərin isti izlərini qeydə alıb.

Martın 12-də Rusiya qüvvələri tərəfindən işğal edilən Buça 31 martda azad edildi. Şəhərdən geri çəkilən Rusiya hərbiçiləri arxada dünyanı şoka salan, yollarda düzülmüş cəsədləri qoydular. 

Sonradan Buçada ən azı 400 nəfərin öldürüldüyü açıqlandı. Mer Anatoliy Fedoruk bildirdi ki, öldürülənlərin ən az 90%-i birbaşa atəşlə qətlə yetirilib. Rusiya görüntüləri “Ukrayna qüvvələrinin hazırladığı teatr” kimi şərh etsə də, peyk görüntüləri cəsədlərin həmin ərazilərdə şəhər Rusiya nəzarətinə keçəndən sonra ortaya çıxdığını göstərdi.

Rusiya ordusu şəhəri tərk etsə də, qoyduğu bəzi sürprizlər hələ də qalır. Yollardan insan cəsədləri təmizlənsə də, hərbi texnika cəsədləri sakinlərə işğal günlərini xatırlatmağa davam edir.

28 martda azad edilən İrpinin yollarında da vəziyyət Buçadan fərqli deyil. Dağıdılan infrastruktur, mülki obyektlərdə kütləvi dağıntılar, birbaşa atəşlə vurulan mülki maşınlar, məhv edilmiş Rusiya hərbi texnikaları…

Hostomel bu şəhərdə yerəşən eyniadlı aerodromu ilə müharibənin ilk günlərindən adı ən çox çəkilən məkanlardan idi. Rusiya hərbiçilərinin bir neçə dəfə ələ keçirib itirdiyi aerodromda dünyanın ən böyük yük təyyarəsi – Antonov An-225 Mriya da yuxulayırdı. Döyüşlər zamanı Mriya məhv edildi. 

Rusiya ordusunun Hostomeldəki itkiləri də ağır oldu. Bu zərbənin izləri hələ də şəhərdən, böyük ehtimalla, rusiyalı hərbiçilərin yaddaşından da silinməyib.

Borodyanka Rusiya hərbiçilərinin şəhərdə törətdiklərinə görə Buça ilə müqayisə olunur. Bir neçə kütləvi məzarlığın olduğu şəhərdə 200-400 arası mülki vətəndaşın öldürüldüyü düşünülür. 

Burada da Buçada olduğu kimi şəhərdən qaçmağa çalışan mülki sakinlərdən bəziləri rusiyalı hərbiçilərin birbaşa atəşinə tuş gəliblər.

Hazırda Rusiya hərbiçiləri bu şəhərlərdən xeyli uzaqlaşıblar. Onların işğal izləri isə, yəqin ki, sakinlərin yaddaşında hələ uzun müddət qalacaq. 

Artıq bu şəhərlərdə həyat canlanmağa başlayır, amma güman etmək olar ki, Rusiya işğalı bütün Ukrayna üzrə bitməyənə qədər heç kim rahat nəfəs ala bilməyəcək…

Ana səhifəReportajRusiya ordusunun hərbi cinayətlərinin izində – Kiyevdən xüsusi reportaj