Rusiya ordusu ATƏT-in əməkdaşlarını saxlayıb

Foto: Reuters

Səfirin müavini işçilərin azad edilməsi üçün mövcud kanallardan istifadə edildiyini deyir

Rusiya ordusunun ATƏT-in Donetsk və Luqanskda olan bir neçə əməkdaşını saxladığı bildirilir.
Bu barədə Böyük Britaniyanın ATƏT-dəki səfirinin müavini Deyrdre Braun “Reuters” agentliyinə deyib.

“ATƏT öz işçilərinin azad edilməsini asanlaşdırmaq üçün bütün mövcud kanallardan istifadə edir”, – D.Braun belə deyib.

Martda ATƏT 500-ə yaxın üzvünü Ukraynadan təxliyə etdiyini bildirib. Apreldən etibarən missiya bütün Ukrayna ərazisində, o cümlədən Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərdə şəxsi heyətin və əmlakın təhlükəsizliyini təmin etmək üçün inzibati rola keçib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəDünyaRusiya ordusu ATƏT-in əməkdaşlarını saxlayıb