Rusiyanın Krasnodar vilayətinin Arbitraj Məhkəməsi Baş Prokurorluğun Azərbaycan əsilli Şahlar Novruzova məxsus aktivlərin Rusiyanın dövlət büdcəsinə keçirilməsi barədə iddiasını təmin edib.
“Kavkazski uzel” xəbər verir ki, sentyabrın sonunda Rusiya Baş Prokurorluğu hazırda xüsusilə böyük məbləğdə dələduzluğa cəhd ittihamı ilə istintaq təcridxanasında saxlanılan iş adamı Şahlar Novruzova qarşı iddia qaldıraraq, Tuapse Dəniz Ticarət Limanının səhmlərinin dövlətə qaytarılmasını tələb edib. Limanın əmlakına həbs qoyulub.
“Kommersant”ın məlumatına görə, dövlətin nəfinə “Tuapse Dəniz Ticarət Limanı” MMC-nin (TMTL) və “TMTL Müəssisəsi” MMC-nin nizamnamə kapitalındakı payların 100 faizi keçib. Dövlət, həmçinin Temryuk dəniz yükləmə terminalına və “Dar frut” MMC-yə məxsus obyektlərə də nəzarəti ələ alıb.
Şahlar Novruzov sentyabrın əvvəlində 900 milyon rublu (təxminən 11.25 milyon ABŞ dolları) aşan dəyərdə özgə əmlakını ələ keçirməyə cəhd ittihamı ilə həbs olunub. İstintaqın versiyasına görə, Novruzov və digər fiqurantlar saxta sənədlərdən istifadə etməklə daşınmaz əmlakı mənimsəməyə çalışıblar. Bu faktla bağlı xüsusilə böyük məbləğdə dələduzluğa cəhd maddəsi üzrə cinayət işi açılıb.
İş üzrə cavabdehlər sırasında həbsdə olan əvvəlki aktiv sahibi Şahlar Novruzovla yanaşı, hazırkı sahiblər — Oleg Basin və Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkəti də göstərilir.
1994-cü ildən bəri Tuapse limanının ərazisindəki körpü və bir neçə binanın cavabdehlərin nəzarətinə keçməsinə səbəb olan bir sıra qanunsuz sövdələşmələrin baş verdiyi bildirilir. Prokurorluq hesab edir ki, dövlət mülkiyyətindən çıxmış bu aktivlər Rusiyanın strateji təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Nəşrin məlumatına görə, mübahisəli aktivlərlə bağlı bütün sövdələşmələr etibarsız sayılıb.