CNN jurnalistlərin Ukraynanın dəvəti ilə bölgəyə getdiklərini deyir
Rusiyanın xüsusi xidmət orqanı FSB CNN-in jurnalisti Nik Paton Uolş və iki ukraynalı müxbirin Ukraynanın Rusiya ərazisinə müdaxiləsi ilə bağlı reportajlar çəkmək üçün ölkəyə qanunsuz keçdiklərini bildirərək, onlara cinayət işi açıb.
Barələrində cinayət işi açılan Britaniya vətəndaşı Paton Uolş, ukraynalı jurnalistlər Diana Butsko və Olesya Borovik son həftələr Kurskdan mütəmadi xəbər verirlər.
Ukraynanın Kurska hərbi müdaxiləsi İkinci Dünya Müharibəsindən bəri xarici bir güc tərəfindən Rusiyaya edilən ən böyük hücumdur.
Barələrində cinayət işi açılan jurnalistlərə gəlincə, “yaxın vaxtlarda onlar beynəlxalq axtarışa veriləcək”, – FSB yaydığı bəyanatda belə bildirib. Saxlanılacaqları təqdirdə hər üç jurnalisti 5 ilədək həbs cəzası gözləyir.
Jurnalistlər Ukrayna hərbi karvanı ilə birlikdə Rusiyaya daxil olub və səfərlərinin qanuni olduğunu bildirirlər.
“Bizim komandamız digər beynəlxalq jurnalistlərlə birlikdə Ukrayna hökuməti tərəfindən dəvət edilib. Onlar Ukrayna hərbçilərinin müşayiəti ilə bölgədə çalışırlar”, – CNN-in bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, bu, Cenevrə Konvensiyasına və beynəlxalq hüquqa əsasən, jurnalistlərə verilən hüquqlara uyğun olaraq qorunan fəaliyyətdir.
FSB-nin bu addımı ötən həftə sonu Ukraynanın Kursk bölgəsinə hücumu barədə məlumat verən iki italyan jurnalistə qarşı açılmış oxşar işdən sonra atılıb.
Simone Traini və Stefania Battistini də sərhədi qanunsuz keçməkdə ittiham olunublar.