Rejissor: Hollivud filmləri olmadan da keçinmək mümkündür
Hollivud filmlərinin Rusiya bazarından getməsi ölkənin kinoteatr bazarına heç də mənfi təsir göstərməyib.
Rusiyanın Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkov bu fikirdədir:
“Çətin olsa da, aydın oldu ki, biz Hollivud filmləri olmadan da keçinə bilərik. Artıq demək olar ki, böhrandan çıxmışıq. Yerli bazarda rus filmlərinin çox olması, milli kimliyin möhkəmlənməsinə töhfə verəcək. Çünki milli özünüdərkin möhkəmləndirilməsi çox vacibdir”, – Mixalkov deyib.
Bir müddət əvvəl Rusiya mədəniyyət naziri Olqa Lyubimova bildirmişdi ki, ölkədə prokat bazarının həcmi 32 milyard rublu keçib.
Onun sözlərinə görə, 2024-cü ilin sonunda kassa daxilolmaları sanksiyalardan əvvəlki rəqəmlərdən də yüksək olacaq.
Mədəniyyət nazirinin sözlərinə görə, Rusiya 2026-cı ildə buraxılan yerli filmlərin sayına görə ən yüksək göstərici nümayiş etdirəcək.
2023-cü ildə kinoteatrlarda 207, 2024-cü ilin birinci yarısında isə 103 rus filmi nümayiş etdirilib.
“Filmlərin prokat bazarının artması həm də yerli kinonun tamaşaçıların tələblərinə cavab verməsi ilə bağlıdır”, – mədəniyyət naziri deyib.
2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi anti-müharibə sanksiyaları mədəniyyətdən də yan keçməyib.
Rusiya mədəniyyətinin boykot edilməsi bir çox sahələr, xüsusilə də kinoya və kinoteatrlara ağır zərbə vurub.
Amerikanın beş nəhəng kino istehsalçısı – “Disney”, “Universal”, “Sony Pictures”, “Warner Bros.” və “Paramount” Rusiya bazarını tərk edib.
Rusiya Kino Sahibləri Assosiasiyasının 2022-ci ilin martında yaydığı bəyanatda deyilirdi ki, münaqişə fonunda tətbiq edilən sanksiyalar ucbatından ölkə kinoteatrları gəlirlərinin 80 fazini itirə bilər.
Assosiasiyanın məlumatında bildirilirdi ki, Rusiya istehsalı olan filmlərin kəmiyyət və keyfiyyəti kinoteatrların məzmununa uyğun deyil. Həm də tamaşaçı tələbatını tam ödəməyə imkan vermir.
Qurum böhranın aradan qaldırılması məqsədilə hətta Rusiyanın Mədəniyyət Nazirliyi və Kino Fonduna müraciət etmişdi.
Nəticədə 2022-ci ildə Rusiya kino bazarının həcmində 42% azalma olmuşdu.
Amerika filmlərinin prokatı dayanandan sonra isə 2023-cü ildən etibarən Rusiya kino bazarına Fransa filmləri girib.
Ekspertlət isə hesab edirlər ki, yerli bazarda maraq doğuran, kassa toplayan yerli deyil, məhz Fransa istehsalı filmlər olub.