Rəsmi Moskva İlham Əliyevin Ukraynada Azərbaycan obyektlərinin hədəfə alınması ilə bağlı dediklərini təkzib edib.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib ki, Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna deyil, həm də Kiyevdə yerləşən Azərbaycan səfirliyinə hücumlar olub. Onun sözlərinə görə, səfirlik binası üç dəfə zərbə alıb.
Prezident bu məsələnin Rusiya Prezidenti Vladimir Putin qarşısında qaldırılıb-qaldırılmaması ilə bağlı suala cavabında deyib ki, problem müxtəlif səviyyələrdə dəfələrlə gündəmə gətirilib və Rusiya tərəfinə diplomatik nota təqdim olunub:
“Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Amma bu, əlbəttə ki, Azərbaycana qarşı dostyana addım deyil”.
Rusiya Xarici İşlər Nazirliyi isə Əliyevin bu açıqlamalarının reallığa uyğun olmadığını bildirib. Rusiya XİN-dən verilən məlumata görə, ötən ilin noyabrında Kiyevdə Azərbaycan səfirliyinin yerləşdiyi binalar kompleksinə dəyən zərər, ehtimal ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin “qeyri-düzgün” fəaliyyəti nəticəsində baş verib.
Rusiya XİN-in açıqlamasında bildirilir ki, Rusiya ordusu zərbələri yalnız “qanuni hərbi hədəflərə” – Ukraynanın hərbi-sənaye kompleksi və enerji obyektlərinə endirir və planlaşdırma zamanı mülki obyektlərə, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinə zərər dəyməməsi üçün koordinatlar nəzərə alınır.
Ötən ilin noyabrında Kiyevdə Azərbaycan səfirliyinin zədələnməsindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış və ona etiraz notası təqdim edilmişdi. Azərbaycan XİN-in məlumatına görə, Ukraynada yerləşən diplomatik nümayəndəliklərin koordinatları hələ 2022-ci ilin aprelində Moskvaya verilib və Rusiya Müdafiə Nazirliyinin bu məlumatları nəzərə alacağı bildirilib.
Rusiya Müdafiə Nazirliyi isə həmin dövrdə Ukraynanın hərbi-sənaye və enerji obyektlərinə kütləvi zərbələr endirildiyini açıqlamış, hücumların yalnız hərbi və enerji infrastrukturu ilə məhdudlaşdığını iddia etmişdi.