Rusiya hakimiyyəti ölkədə “Meta” şirkətinə məxsus “WhatsApp”ı tamamilə bloklayıb.
Bu barədə məlumat messencerin rəsmi “X” hesabında fevralın 12-də dərc olunub.
“Bu gün Rusiya hakimiyyəti insanları nəzarətə həssas olan dövlətə məxsus tətbiqə keçməyə məcbur etmək üçün WhatsApp-ı tamamilə bloklamağa çalışdı (Rusiya hakimiyyəti tərəfindən fəal şəkildə təbliğ olunan MAX messenceri nəzərdə tutulur-red). 100 milyondan çox istifadəçini təcrid etmək, onları şəxsi və təhlükəsiz ünsiyyət hüququndan məhrum etmək səyləri geriyə atılmış bir addımdır və Rusiyada insanların təhlükəsizliyinin yalnız azalmasına səbəb ola bilər. İstifadəçiləri əlaqədə saxlamaq üçün əlimizdən gələni etməyə davam edirik”, – məlumatda qeyd olunub.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “WhatsApp”ın bloklanması qərarı Rusiyanın qanunlarına əməl etməməsi səbəbindən verilib. O, Rusiyanın MAX tətbiqini “xarici messencerə əlçatan alternativ” adlandırıb.
Rusiya Ukraynada müharibəyə başlayandan “Meta” şirkətini ekstremist təşkilat kimi tanıyıb və “Facebook”, “Instagram” sosial şəbəkələrini bloklayıb. Ötən ildən isə on milyonlarla rusiyalının istifadə etdiyi “WhatsApp”a qarşı məhdudiyyətlər tətbiq olunmağa başlanıb.
2025-ci ilin dekabr ayının sonunda Rusiya mediası WhatsApp-ın ölkə daxilində işləmə sürətinin 70–80 faiz azaldığını yazmışdı. “Roskomnadzor” həmin vaxt messencerə qarşı “məhdudlaşdırıcı tədbirlərin ardıcıl şəkildə tətbiq edildiyini” açıqlamışdı.
Rusiya hakimiyyəti ölkədə “Telegram” messenjerinin fəaliyyətini mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb.