Sentyabrın 10-na keçən gecə Rusiya aviasiyası Donetsk vilayətinin Yarovaya qəsəbəsində pensiya almaq üçün növbədə dayanan insanlara zərbə endirib. Nəticədə 25 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Ukrayna Milli Polisi həlak olanların şəxsiyyətini müəyyənləşdirir.
Həmin gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı 400-dən çox dron və təxminən 40 raket istifadə olunub. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ən azı səkkiz dron Polşa istiqamətinə göndərilib.
Bir neçə dron Polşanın hava məkanını pozub. Polşa Silahlı Qüvvələri həmin dronları müttəfiqlərin HHM sistemlərinin dəstəyi ilə məhv edib. Almaniyanın “Patriot” kompleksləri və Niderlandın F-35 qırıcıları əməliyyata cəlb olunub.
Dronlardan birinin qalıqları Polşa ərazisində tapılıb, digərlərinin axtarışı davam edir.
Polşanın Baş naziri Donald Tusk gecə hökumətin fövqəladə iclasının keçirildiyini açıqlayıb və Varşava ilə Lyublin hava limanlarında uçuşların müvəqqəti dayandırıldığını təsdiqləyib .
NATO bildirib ki, Rusiyaya məxsus dronların Polşanın hava məkanını pozması alyansa qarşı silahlı hücum kimi qiymətləndirilməyəcək. Bununla yanaşı, təsdiqlənib ki, bu, NATO qüvvələrinin alyans üzvü üzərində ilk dəfə real hədəfləri vurmasıdır.
Qərb mediasının məlumatına görə, Polşanın hava məkanına 8-dən 19-a qədər rus dronu daxil olub. Polşa əlavə olaraq bir qrup ehtiyat hərbçinin səfərbərliyini elan edib.
Avropa İttifaqı və ABŞ Polşaya dəstək bəyanatları verib. Ursula fon der Leyen və Emmanuel Makron Brüsseldə və Parisdə çıxış ediblər. ABŞ-də isə Konqres üzvləri və senatorlar Ukraynaya hərbi yardımın artırılmasını tələb ediblər.