Zelenski regionun tamamilə məhv edildiyini bildirir
Rusiya qüvvələri Donetsk ətrafındakı müdafiəni qırmaq üçün artilleriya, reaktiv yaylım atəşi sistemlərindən istifadə edir.
Mayın 20-də Ukraynanın Baş Qərargahının yaydığı açıqlamada belə bildirilir. Qeyd edilir ki, Rusiya həmçinin təyyarələrdən istifadə etməklə Ukraynanın şərqindəki Donbas bölgəsinə hücumları gücləndirib.
“Rusiya düşməni mülki infrastruktur obyektlərini, o cümlədən çoxsaylı reaktiv yaylım atəşi sistemini iriçaplı artilleriya atəşinə tutub”, – Baş Qərargahın bəyanatında bildirilir.
Vilayət qubernatoru Serhiy Qaydai bildirir ki, Rusiyanın Luqanska, həmçinin Donbasa atəş açması nəticəsində son 24 saat ərzində 13 mülki şəxs həlak olub.
Onun sözlərinə görə, Rusiyanın hücumunun uğursuz olduğu Sievierodonesk şəhərində 12 nəfər həlak olub.
Ukrayna Baş Prokurorluğu Rusiyanın işğalı başlayandan bəri 232 uşağın öldürüldüyünü, 427 uşağın yaralandığını açıqlayıb.
“Reuters” xəbərləri müstəqil şəkildə yoxlaya bilməyib. Bununla yanaşı, Rusiya ilk gündən yaydığı açıqlamalarda mülki insanları hədəf aldığını inkar edir.
Dünyanın ən varlı ölkələrindən bəziləri Kiyevi milyardlarla dollarla dəstəkləməyə söz verib. Prezident Volodimir Zelenski isə açıqlamasında deyib ki, Rusiyanın son hücumlarının mərkəzi sənaye bölgəsi olan Donbas regionudur. Prezident regionun tamamilə məhv edildiyini bildirib.
Rusiya Ukraynanın paytaxtından üz döndərəndən bəri rus ordusu Donetsk və Luqansk bölgələrindən ibarət Donbasda daha çox ərazini ələ keçirmək üçün kütləvi artilleriya və zirehlərdən istifadə edir.
“İşğalçılar daha çox təzyiq göstərməyə çalışırlar. Orada cəhənnəmdir – və bu, mübaliğə deyil”, – Zelenski mayın 19-da etdiyi müraciətində deyib. Onun sözlərinə görə, cənubdakı Odessa bölgəsinə də “davamlı zərbələr” olub. Donbas isə tamamilə məhv edilib.
Moskva fevralın 24-dən bəri Ukraynaya etdiyi hərbi müdaxiləni bu ölkəni faşistlərdən təmizləmək üçün “xüsusi hərbi əməliyyat” adlandırıb. Kiyev və onun Qərb müttəfiqləri isə bu iddianı səbəbsiz müharibə üçün əsassız bəhanə hesab edib.
Britaniya hərbi kəşfiyyatının bildirdiyinə görə, Rusiya həftələrdir davam edən mühasirə səhnəsi olan cənub liman şəhəri Mariupolu mühafizə etdikdən sonra Donbas bölgəsində əməliyyatlarını gücləndirəcək.
İşğalın üç aya yaxınlaşdığı bir vaxtda, ABŞ Senatı mayın 20-də böyük səs çoxluğu ilə Ukraynaya 40 milyard dollara yaxın yeni yardım təsdiqləyib. Bu da ABŞ-ın bu günədək etdiyi ən böyük yardım paketidir.
“Yeddilik” zəngin dövlətləri də Ukraynaya 18,4 milyard dollar ayırmağa razılaşıb. Ukrayna bildirib ki, pul Rusiya üzərində qələbəni sürətləndirəcək və “təmin etdiyiniz silahlar” qədər vacibdir.
Rəsmilər bildiriblər ki, Ağ Ev Rusiyanın dəniz blokadasını məğlub etmək üçün Ukrayna qırıcılarının əlinə qabaqcıl gəmi əleyhinə raketlər vermək üzərində işləyir.
ABŞ dövlət katibi Antoni Blinken Rusiyanı təkcə ukraynalıları deyil, həm də dünyada milyonlarla insanı “girov” saxlayaraq ərzaqdan silah kimi istifadə etməkdə ittiham edib.
Müharibə taxılın, yemək yağlarının, yanacağın və gübrənin qlobal qiymətlərinin qalxmasına səbəb olub.
Aİ bildirib ki, rus oliqarxlarının dondurulmuş aktivlərindən Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün istifadə yolları araşdırılır. ABŞ isə Rusiya neftini alan ölkələrə sanksiya tətbiq edə biləcəyini istisna etmir.
Digər tərəfdən NATO daxilində parçalanmalar da özünü göstərir. Türkiyə İsveç və Finlandiyanın Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq alyansa qoşulmasına qarşı çıxıb.
Ankara iki Şimali Avropa dövlətini kürd yaraqlılarına sığınacaq verməkdə ittiham edib, lakin ABŞ prezidenti Co Bayden və Avropa liderləri Türkiyənin narahatlığının həll olunacağına əmin olduqlarını bildiriblər.
Keçən həftə Rusiya işğalın başlamasından bəri ən böyük qələbəsini qazanıb. Kiyev uzun sürən mühasirədən sonra Mariupoldakı polad zavodundakı qarnizonuna geri çəkilməyi əmr edib.
Britaniya hərbi kəşfiyyatı Azovstal polad zavodunda 1700-ə qədər əsgərin təslim ola biləcəyini bildirib ki, bu da mayın 19-da Moskvanın açıqladığı analoji rəqəmlə eynidir.
Məhbusların dəyişdirilməsini istəyən Ukrayna rəsmiləri bu rəqəmin xilasetmə səylərini təhlükə altına sala biləcəyini bildirib və bu rəqəmi şərh etməkdən imtina ediblər.
Mayın 19-da axşam polad zavodunu müdafiə edən Azov alayının rəis müavini Svyatoslav Palamar 18 saniyəlik video yayımlayıb. O, özünün və digər komandirlərin hələ də zavodun ərazisində olduğunu söyləyib:
“Müəyyən əməliyyat gedir, onun təfərrüatlarını açıqlamayacağam”.
İsveçrədə yerləşən Beynəlxalq Qızıl Xaç Komitəsi hazırda Rusiyanın nəzarətində olan zavoddan yüzlərlə məhbusu qeydiyyata aldığını, lakin dəqiq rəqəm vermədiyini bildirib.
Əraziyə nəzarət edən Rusiyanın dəstəklədiyi separatçıların lideri bildirib ki, döyüşçülərin təxminən yarısı polad zavodunda qalıb.
Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilib, sağlam olanlar isə cəzaçəkmə müəssisəsinə aparılıb və müalicə olunur.
Rusiya fevralın 24-dən Ukraynaya hərbi müdaxiləyə başlayıb. Həmin gündən bu yana Avropa ölkələri, Amerika, Kanada Rusiyaya qarşı müxtəlif maliyyə sanksiyaları tətbiq ediblər.
Məqsədləri Rusiyanı dalana dirəmək və müharibəni maliyyələşdirməsinə əngəl olmaqdır.