Rusiya banklarına sanksiyaların Azərbaycana təsiri: “Hökumət özünü biznesmen kimi aparır”

Rusiyaya qarşı sanksiyalar. Foto: Westlight/shutterstock

“Yalnız Beynəlxalq bankın ABŞ və Avropada müxbir hesabı var”

Aprelin 6-da Böyük Britaniya Rusiyanın “SberBank” və “Alfa Bank”larına qarşı tam bloklayıcı sanksiyalar elan edib.

“Forbes” yazır ki, daha öncə Amerika Birləşmiş Ştatları da hər iki banka sanksiya tətbiq edib.

Ağ Ev bu tədbirlərin Avropa İttifaqı və Yeddilik Qrupu ilə birgə əlaqələndirilmiş şəkildə görüldüyünü açıqlayıb.

Rusiyanın ən böyük iki bankı

“Sberbank” sanksiyalarla bağlı açıqlama yayıb: “Cəzalar bankın əməliyyatlarına əhəmiyyətli təsir etməyəcək”, – deyib.

“Alfa Bank” isə Rusiyada normal biznes əməliyyatlarını davam etdirdiyini bildirib.

Bankın sözçüsü bildirib ki, sanksiyaların müştərilərin bankda dollar saxlamasına necə təsir edəcəyi hələlik bəlli deyil.

Rusiyaya məxsus “Sberbank” ölkənin ən böyük maliyyə qurumudur və bank aktivlərinin təxminən üçdə birinə nəzarət edir.

Rusiya 1980-ci illərə dönə bilər

“Alfa Bank” isə Rusiyanın ən böyük özəl bankıdır.

Bu bank Avropa İttifaqı və Böyük Britaniya tərəfindən şəxsi sanksiyalara məruz qalan milyarder oliqarx Mixail Fridman tərəfindən təsis edilib.

ABŞ və Avropa İttifaqı ölkələri təkcə banklara sanksiyalar tətbiq etməyib, həm də Rusiyanı SWIFT beynəlxalq maliyyə mesajlaşma sistemindən kənarlaşdırıb.

“Alfa-bank” və “Sberbank”. Foto:thekovtun/Hayran1/ shutterstock

Beynəlxalq ekspertlər düşünür ki, sanksiyalar Rusiyada ÜDM-i 2022-ci ildə azı 10 faiz azaldacaq. Eyni zamanda, rusların həyat səviyyəsini 1980-ci illərdə Sovet İttifaqının son günləri ilə müqayisə olunabiləcək səviyyəyə salacaq.

Rusiya banklarına sanksiyalar Azərbaycana təsir edə bilərmi?

İqtisadçı Rövşən Ağayev düşünür ki, Rusiyanın bank-maliyyə sektoruna tətbiq olunan sanksiyaların, xüsusilə ölkənin 10-dək ən iri bankının SWIFT -dən uzaqlaşdırılmasının Azərbaycanın bank sektoruna təsirləri barədə analiz aparmaq çətindir. Səbəb isə məlumat qıtlığıdır:

“Rəsmi hakimiyyətin 10 illərdir ki, ölkəni məhkum etdiyi informasiya qapalılığı biznesin də canına hopub. Daha doğrusu, biznes hökumət, hökumət də biznes deməkdir, yəni hökumət özünü biznesmen, biznes isə özünü hökumət kimi aparır. Belə olmasaydı, indi Azərbaycanın bank sektorunun hazırkı durumu, mümkün risklər və onları önləməklə bağlı mümkün addımlara dair etibarlı hesabat və analizlər ortaya çıxardı”.

Azərbaycan bank sektoru Rusiyadakı sanksiyalardan təsirlənəcək”

İqtisadçı düşünür ki, Azərbaycanın bank sektorunun Rusiyanın üzləşdiyi sanksiyalardan təsirlənməməsi imkansızdır. Çünki ölkədəki 3-5 bankı çıxmaq şərtilə, yerdə qalan bütün bankların müxbir hesabları Rusiyanın banklarındadır:

Rövşən Ağayev
Mənbə: Meydan TV

“Səbəbini də deyim: hələ 3-4 il əvvəl bank sektorunda işləyən 2 ayrı insandan eşitmişdim ki, FATF-ən tələblərinə uyğun gəlmədiyini əsas gətirərək Azərbaycanın banklarının əksər hissəsinin Avropa və ABŞ banklarında müxbir hesablar açması artıq imkansızdır. Hətta mövcud hesablar da bağlanıb. Bizim bankların Rusiya banklarında müxbir hesabının olması, o deməkdir ki, azərbaycanlı fiziki və hüquqi şəxslərin dünya ilə hesablaşmaları, VİSA və “Mastercard” kimi ödəmə kartlarından istifadə məhz Rusiyadakı müxbir hesablar sayəsində mümkündür”.


Yalnız Beynəlxalq Bankın Avropa və ABŞ banklarında müxbir hesabları var?

Rövşən Ağayev deyir ki, yəni rus bankları vasitəçi bank kimi Azərbaycana ordakı müxbir hesablar üzərindən klirinq xidmətləri göstərir:

“Bildiyim qədərilə, Azərbaycan bank sektorunda üstün paya malik banklardan yalnız Beynəlxalq Bankın bilavasitə Avropa və ABŞ banklarında müxbir hesabları var. Belə hesabları olan digər 3-4 bank isə ölkənin bank sektorunda ən böyük paya malik olan ilk 5 bank arasında yoxdur”.

“Rusiyaya qarşı sanksiyalar uzun sürərsə…”

İqtisadçı hesab edir ki, Rusiyaya qarşı sanksiyalar uzun sürərsə, Azərbaycanda banklararası müştəri axını başlayacaq:
“Nəticədə, biznesmen və sadə vətəndaşlar dollar və ya avro hesablarından (həmçinin yuxarıda adı çəkilən beynəlxalq ödəniş kartlarından) istifadə üçün ABŞ və Avropada müxbir hesabları olan bankları seçməyə çalışacaqlar”.


“Böyük bir mənfi təsir görmürəm”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə düşünür ki, Rusiya banklarına qoyulan sanksiyaların Azərbaycana birbaşa hər hansı təsiri olmayacaq. Yalnız Azərbaycan və Rusiya bankları arasındakı hesablaşmaları çətinləşdirə bilər:

Hüquqşünas Əkrəm Həsənov
Mənbə: “Sputnik”


“Sanksiyalar nəticəsində beynəlxalq kartlar işləmir. İstər VİSA kartlar olsun, istərsə də “Mastercard”lar. Artıq xeyli insan bu problemlə üzləşib. Ancaq Rusiyanın özünün ödəniş hesablaşma sistemi var. Bizim banklar da yavaş-yavaş bu sistemə qoşulacaq. O baxımdan böyük bir mənfi təsir görmürəm”.

Rusiyamənşəli şirkətlər Azərbaycana gəlib, burada bank hesabları açmaq istəsə…”

Əkrəm Həsənov deyir ki, digər tərəfdən Rusiya bizensinin müəyyən hissəsi Azərbaycana axa bilər. Bu proses də artıq başlayıb:

“Bu da Azərbaycanın bank sistemində aktivlərin artmasına gətirə bilər. Yəni Rusiyamənşəli şirkətlər Azərbaycana gəlib, burada bank hesabları açmaq istəsə (və artıq istəyirlər), bu, baş verəcək. Əslində bu, Azərbaycanın bank sistemi üçün müsbət haldır. Sadəcə ehtiyatlı olmaq lazımdır ki, bunu edərkən biz Rusiyaya sanksiyaların yanından ötməyə kömək edirik kimi görünməyək. Pul qazanmaq üçün yaxşı fürsətdir, lakin çox ehtiyatlı olmaqda da fayda var”.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.

Qərb bunu işğal adlandırır və qanunsuz olduğunu düşünür.

Buna cavab olaraq Rusiyaya sərt maliyyə sanksiyaları tətbiq edib.

Ana səhifəİqtisadiyyatRusiya banklarına sanksiyaların Azərbaycana təsiri: “Hökumət özünü biznesmen kimi aparır”