Rusiya “Azadlıq” radiosunun Orta Asiya xidmətlərini blokladı

Roskomnadzor. Foto: /blockchainjournal.news

Ceymi Flay: “Biz həqiqəti söyləməyə davam edəcəyik”

Rusiyanın mediaya nəzarət orqanı olan “Roskomnadzor” Azad Avropa/”Azadlıq” radiosunun Orta Asiya xidmətlərinin rusdilli vebsaytlarını bloklayıb.

Səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin işıqlandırılmasıdır.

Rusiya fevralın 24-dən bu yana ölkədəki azad medianı sıxışdırır.

Ölkədə bu ay qəbul edilən yeni qanun isə ümumiyyətlə, müharibə ilə bağlı məlumat yaymanı kriminallaşdırıb.

Xüsusən Qərb və ABŞ-ın bu ölkədə fəaliyyət göstərən media qurumları doğru olmayan informasiya yaymaqda təqsirləndirilir. Bir sözlə, Kreml müharibə sözünü işlətməyi yasaqlayıb.

Baş verənləri “xüsusi hərbi əməliyyat” termini ilə işıqlandırmaq tövsiyə edilir.

Qadağalar xarici media ilə yanaşı, yerli müstəqil medianı da hədəfə alıb. Xeyli xarici və müstəqil medianın fəaliyyəti yasaqlanıb.

“Azadlıq” radiosunun rəhbəri Ceymi Flay bu addımı pisləyib.

O bildirib ki, “Azadlıq” radiosunun Orta Asiyadakı izləyicilər üçün rusdilli vebsaytları Orta Asiyada rusdilli əhali və Rusiyada yaşayan və işləyənlərə xəbər və informasiyanın çatdırılmasında vacib rol oynayır.

Onlar indi Kremlin Ukraynadakı dağıdıcı müharibə barədə hər cür informasiyanı senzura etmək cəhdilə üzləşiblər.

“Biz kontentimizi senzuradan keçirməyəcək, 27 dilin hamısında izləyicilərə həqiqəti söyləməyə davam edəcəyik”, – Flay deyib.

Bundan öncə BBC, CNN, Bloomberg, CBS, German ARD və ZDF Rusiyadan xəbər verməyi dayandırıblar. BBC və ARD sonradan yenidən açılıb.

“Roskomnadzor” martın 27-də Almaniyanın Bild tabloyduna girişi də məhdudlaşdırıb. Qurum bir sıra sosial media platformalarını da bloklayıb.

Martın 21-də Moskva şəhər Məhkəməsi “Facebook” və “Instagram” şəbəkələrinin təsisçi şirkəti “Meta”nı “ekstremist təşkilat” elan edib.

Hazırda bu sosial şəbəkələr ölkədə fəaliyyət göstərmir.

Ana səhifəDünyaRusiya “Azadlıq” radiosunun Orta Asiya xidmətlərini blokladı