“Avropa Şurasının dağılması qaçılmaz idi”
Rusiyanın Avropa Şurasını tərk etdiyi bildirilir.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) martın 10-da bəyanat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi Avropa Şurasının dağılmasının qaçılmaz olduğunu bildirib və iştirakını dayandırdığını açıqlayıb.
“Moskva Avropa Şurasını NATO və Avropa İttifaqı tərəfindən Qərb narsizmi platformasına çevirməkdə iştirak etməyəcək: bir-birinizlə həzz alın, amma Rusiyasız”, – nazirliyin yaydığı bəyanatda belə deyilir.
XİN hesab edir ki, Rusiyaya qarşı dost olmayan Avropa İttifaqı və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində mütləq çoxluqdan sui-istifadə edərək Avropa Şurasını və Avropada ümumi humanitar-hüquqi məkanı məhv etmək xəttini davam etdirirlər.
“Hadisələrin gedişi geridönməz xarakter alır. Rusiya ABŞ-ın tapdaladığı beynəlxalq hüququn yerinə “qaydalara əsaslanan nizam”ın tətbiqi istiqamətində kollektiv Qərbin həyata keçirdiyi bu təxribatçı hərəkətlərə dözmək niyyətində deyil”, – XİN qeyd edib.
Fevralın 25-də Avropa Şurası Rusiyanın təşkilatdakı üzvlüyünü müvəqqəti olaraq dayandırdığını elan edib.
Şuraya sədrlik edən İtaliyanın xarici işlər naziri Luici Di Mayo bu addımı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəylə əlaqələndirmişdi.
Avropa Şurası 1949-cu ildə yaradılıb.
Rusiya 1996-cı ildə – Boris Yeltsinin ölkənin demokratiyaya keçidini tətbiq etmək cəhdinin bir hissəsi kimi müraciətindən sonra Avropa Şurasına üzv olub.
Rusiyanın nümayəndəlik hüquqları 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı və 2014-cü ildə Putin Krımı işğal edəndə də dayandırılmışdı.