Rusiya ABŞ-nin Kiyevə raket icazəsindən sonra yaşayış binasını vurub: 11 ölü, 89 yaralı (Yenilənib)

Foto: Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Rusiya ABŞ Prezidenti Co Baydenin Ukraynaya “ATACMS” ballistik raketlərindən istifadəyə icazə verməsinə reaksiya verib.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Bayden administrasiyasını münaqişəni qızışdırmaqda ittiham edib.

O bildirib ki, Baydenin Ukraynaya Rusiyanın dərinliklərini vurmaq üçün ABŞ raketlərindən istifadə etməyə icazə verməsi “odun üstünə neft tökmək” kimi xarakterizə olunmalıdır.

Kreml rəsmisi həmçinin qeyd edib ki, Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir.


Zelenski: “Belə şeylər elan edilmir, raketlər öz sözünü deyəcək”

ABŞ Prezidenti Co Baydenin ilk dəfə Ukraynaya Rusiyanın dərinliklərini vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verdiyi bildirilir.

Məlumatı “New York Times” öz mənbələrinə istinadən yayıb.

Məlumatda qeyd olunur ki, söhbət 300 kilometrə qədər hədəfləri vuran “ATACMS” ballistik raketlərindən gedir.

Qəzet yazır ki, bu raketlər böyük ehtimalla Kurskda Rusiya və Şimali Koreya qoşunlarına qarşı istifadə ediləcək.

Bildirilir ki, Rusiya Kursk bölgəsində Ukrayna mövqelərinə qarşı genişmiqyaslı hücuma hazırlaşır, bu hücuma isə Şimali Koreya hərbçiləri ilə birgə 50 minə yaxın əsgər cəlb olunub.

Qəzet yazır ki, Baydenin prezidentlik müddətinin bitməsinə iki ay qalmış verdiyi bu qərar münaqişə zonasında Ukraynaya əlavə imkanlar tanıyacaq. Belə ki, Ukrayna bu raketlərdən Rusiya və Şimali Koreya hərbçiləri ilə yanaşı, hərbi texnikaya, logistika qovşaqlarına, silah-sursat anbarlarına zərbələr endirə bilər.

“The Guardian” yazır ki, Ağ Evdən məsələyə rəsmi münasibət bildirilməsə də, məlumat ilk dəfə “Nyu-York Tayms”, “Vaşinqton Post”, “Reuters” və “Associated Press” agentliklərində koordinasiya edilmiş şəkildə yayımlanıb.

ABŞ-dən sonra Fransa və Böyük Britaniyanın da “Storm Shadow” raketləri ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verdiyi barədə məlumat yayılsa da, rəsmi Paris və Londondan xəbəri təsdiqlənməyib.

“Storm Shadow” Britaniya-Fransa-İtaliya birgə müəssisəsi olan MBDA tərəfindən istehsal edilən qanadlı raketdir. Bu raketlərin uçuş məsafəsi ABŞ-nin ATACMS raketlərindən daha uzundur və 290 kilometrdəki hədəfləri dəqiq vura bilir.

“The Guardian” isə qeyd edir ki, bu icazə “Storm Shadows” raketlərinə aid deyil.

Nəşr bildirir ki, bu raketlərdən Kurskda deyil, Ukraynaya hücumlar təşkil etmək üçün istifadə olunan hava bazalarına qarşı istifadə oluna bilər.

Ukrayna Prezidenti Zelenski məlumatı dolayısı ilə “Telegram” kanalında yaydığı videomüraciətdə təsdiqləyib.

“Ukraynanın möhkəmləndirilməsi planı “Qələbə planı”dır. Bu planı tərəfdaşlarımıza təqdim etdim. Planın əsas nöqtələrindən biri ordumuz üçün uzunmüddətli imkanlardır. Bu gün kütləvi informasiya vasitələrində çoxlu söz-söhbətlər gəzir. Belə şeylər elan edilmir. Raketlər öz sözünü deyəcək”, – deyə Zelenski bildirib.

Bu qərardan sonra Rusiya ordusu Ukraynanın şimal-şərqindəki Sumy şəhərində yaşayış binasına raket zərbələri endirib.

Zərbələr nəticəsində ikisi uşaq olmaqla 11 nəfər həlak olub, 89 nəfər yaralanıb.

“Reuters” Ukrayna rəsmilərinə istinadən bildirir ki, raket zərbələri bölgənin inzibati mərkəzini elektrik enerjisiz qoyub.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaRusiya ABŞ-nin Kiyevə raket icazəsindən sonra yaşayış binasını vurub: 11 ölü, 89 yaralı (Yenilənib)