Daha bir jurnalist həbs olundu (Yenilənib)

Rüfət Muradlı. Foto: Facebook

O, xırda xuliqanlıq və polisin tələbinə tabe olmamaqda günahlandırılır

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı 30 sutka müddətinə həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub.

_________________________________________________________________________

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı dekabrın 2-də günorta saatlarında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunur.

Bu barədə Meydan TV-yə Xətai Rayon Məhkəməsindən məlumat verilib.

Rüfət Muradlı haqqında inzibati xəta işinə Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva baxır.

Bu günlərdə “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı və direktoru Ülvi Həsənli haqqında həbs qərarını da bu hakim vermişdi.

Rüfət Muradlı həm də Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının İdarə Heyətinin üzvüdür.

Partiyanın sədr müavini Ədalət Yusubov bildirib ki, Rüfət Muradlıya qarşı xuliqanlıq və polisə müqavimət ittihamları saxtadır.

Onun sözlərinə görə, günorta saat 13.00 radələrində Rüfət Muradlı ADR-in İdarə Heyətinin üzvlərilə və başqa şəxslərlə birlikdə olub:

“Dostları  düşəndən  sonra  maşını yer tapıb saxlamaq üçün onlardan ayrılıb və qayıtmayıb. Dostlarımız  maşını düşdükləri  yerdən təxminən 100  metr məsafədə  görüblər. Amma Rüfət bəyin  özündən xəbər ala bilməyiblər. Rüfət bəyin  telefonuna  ilk 20 dəqiqədə  zəng  çatıb, amma cavab verən olmayıb. Sonradan telefon söndürülüb…”

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov da noyabrın 27-də saxlanılıb. Ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Əziz Orucova Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, “Kanal 13” rəhbəri inşasına icazə olmadan ev tikib.

Əziz Oruvov isə bu ittihamı rədd edir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

O deyir ki, ev tikdiyi ərazidə yüzlərlə evlər var və onların heç birinin mülkiyyətini təsdiq edən çıxarış yoxdur. Lakin aralarından yalnız onun seçilməsi və həbs olunması qərəzin sübutudur.

Rüfət Muradlının üzvü olduğu partiyanın sədri, professor Qubad İbadoğlu da yarım idir ki, 2023-cü ilin avqustundan həbsdədir.

Saxta pul ittihamıyla təqsirləndirilən Qubad İbadoğlu da sifarişlə həbs olunduğunu bildirir.

Ana səhifəSiyasətDaha bir jurnalist həbs olundu (Yenilənib)