Rüfət Səfərov: “Hökumət ABŞ-nin mükafatından publik şəkildə imtina etməyimi istəyirdi”

Rüfət Səfərov. İllüstrasiya: Meydan TV

Hüquq müdafiəçisi razılaşmadığına görə cəzalandırıldığını deyir

“Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov saxlandığı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə müraciət edib.

Müraciətində həbsinin gerçək səbəbindən bəhs edən hüquq müdafiəçisi vurğulayıb ki, ABŞ Dövlət Departamentinin onu təltif etdiyi “Nüfuzlu hüquq müdafiəçisi” mükafatından imtina etmədiyinə görə cəzalandırılıb.

Rüfət Səfərovun sözlərinə görə, həbsindən öncə hakimiyyət ona bu mükafatdan publik şəkildə imtina etmək üçün təzyiq göstərmişdi.

Səfərov bildirib ki, hətta Prezident Administrasiyasından atası Eldar Sabiroğlu vasitəsilə ona konkret mesaj da göndərilmişdi.

“2024-cü ilin avqust ayında məlum oldu ki, ABŞ Dövlət Departamenti tərəfindən “nüfuzlu hüquq müdafiəçisi” mükafatının qalibi olmasına əsas namizədəm. Ondan sonra mənə qarşı təhdidlər artmağa başladı. Dəfələrlə Prezident Administrasiyasından atam vasitəsilə mükafatdan publik qaydada imtina etməyim təklif edildi. Amma mən bunu edə bilməzdim. Çünki bu, mənim fəaliyyətimə verilən ən dəyərli qlobal qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirdi və həbsimə qərar verildi. Buradan cəmiyyətə bəyan edirəm, mən bundan sonra da hüquqsuzluğa qarşı mübarizəmi davam etdirəcəyəm”, – Rüfət Səfərov müraciətində yazıb.

O bildirir ki, 2019-cu ildə hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan bir çox təhdidlərlə üzləşib:

“Fəaliyyətə başlayanda Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilərək, fəaliyyətimi dayandırmağım üçün təhdid olundum. Lakin mən diplomatın toka verildiyi, ictimai fəalın başına ifrazat edildiyi, gənc qız araşdırmaçı jurnalistin şərlənərək həbs edildiyi ölkədəki hüquqsuzluğu, zorbalığı görərək, anlayaraq susa bilməzdim. Ona görə də öz fəaliyyətimə davam etməyi qərara aldım”.

Rüfət Səfərov dekabrın 3-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində iddia olunur ki, Rüfət Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb.

Həmin şəxslə dekabrın 3-də aralarında mübahisə düşüb və onu vurub.

Rüfət Səfərov isə bu ittihamların saxta olduğunu, həmin gün axşam saat 17.00 radələrində evə qayıdarkən qarajda maşından düşəndə bir nəfərin ona hücum etdiyini, dərhal da ətrafdan polislərin qaraja daxil olub, onu qandallayıb apardığını bildirir.

Hüquq müdafiəçisi vurğulayır ki, Natiq İmamquliyevdən pul almaması bir yana, qarajdakı hadisəyə qədər ümumiyyətlə, onu görməmişdi.

Rüfət Səfərov həbsdə olsa da, 10 dekabr – Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ dövlət katibi Entoni Blinken onu “İlin güclü hüquq müdafiəçisi” mükafatı ilə təltif edib.

Dövlət katibi çıxışında vurğulayıb ki, Rüfət Səfərov hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs edildiyinə görə mükafatı özü qəbul edə bilmir.

Rüfət Səfərov vaxtilə Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas, ardınca prokurorluqda müstəntiq işləyib.

O, 2015-ci ilin dekabrında ölkədə insan hüquqlarının pozulması, qanunların işləməməsinə etiraz olaraq bəyanatla prokurorluğun müstəntiqi vəzifəsindən istefa verib.

Bu addımından sonra onun mənzilində axtarış aparan prokurorluq özünün də haqqında cinayət işi başladıb və o, həbs olunub.

Rüfət Səfərov 9 il azadlıqdan məhrum edilib.

2019-ci ilin martında əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılandan sonra “Müdafiə Xətti” təşkilatını təsis edərək insan hüquqlarının müdafiəsilə məşğul olmağa başlayıb.

Ana səhifəSiyasətRüfət Səfərov: “Hökumət ABŞ-nin mükafatından publik şəkildə imtina etməyimi istəyirdi”