Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 1 il 3 aydır həbsdə olan “Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun məhkəmə prosesi keçirilib.
AzadlıqRadiosunun məlumatına görə məhkəmədə 2 nəfər şahid qismində dindirilib.
İttihama görə, Səfərov Natiq İmanquliyevdən torpaq satmaq adı ilə 60 min manat alıb, lakin nə torpaq verib, nə də pulu geri qaytarıb. Prokurorluq bildirir ki, 2024-cü il dekabrın 3-də İmanquliyev pulunu tələb etmək üçün onun yaşadığı binanın qarajına gəlib. Tərəflər arasında mübahisə yaranıb və iddiaya görə, Səfərov ona xəsarət yetirib.
Səfərov isə ittihamları qəbul etmir. O deyir ki, İmanquliyevi tanımır və ondan pul almayıb. Onun sözlərinə görə, bu şəxs onu həbs etdirmək üçün əvvəlcədən öyrədilərək göndərilib.
Məhkəmədə dindirilən şahidlər İmanquliyevin əvvəllər torpaq aldığını və həmin prosesdə iştirak etdiklərini təsdiqləsələr də, ikinci dəfə torpaq almaq üçün kimə, harada və nə qədər pul verməsi barədə məlumatlı olmadıqlarını bildiriblər.
Şahidlərin istintaqdakı və məhkəmədəki ifadələri arasında ziddiyyətlər yaranıb. Onlar bunu əvvəlki ifadələri oxumadan imzalamaları ilə izah ediblər.
Səfərov məhkəmədə çıxışı zamanı hüquq-mühafizə orqanlarını tənqid edib.
“Bu ölkədəki sistem – polis, prokurorluq, məhkəmə insanların mənəviyyatını məhv eləməklə məşğuldur. Bitirin getsin bu tamaşanı”, – deyə o bildirib.
O, həmçinin həbsdə olan siyasətçi Tofiq Yaqublunun vəziyyətinə toxunaraq, onun ağır durumda olduğunu deyib.
Növbəti məhkəmə iclası aprelin 6-na təyin olunub.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
R.Səfərov 2015-ci ilin dekabrında Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışarkən bəyanatla bu sistemdə işləmək istəmədiyini açıqlayandan sonra korrupsiya ittihamıyla həbs olunmuşdu. Ona 9 il həbs cəzası kəsilsə də, 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılmışdı.