Fevralın 17-də Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan barəsində hökm elan olunub.
Hökm Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında oxunub.
İclasda təqsirləndirilən şəxs rus dilində tərcüməçi və dövlət hesabına vəkillə təmin olunub.
Məhkəmə prosesində təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma və aparma, deportasiya, işgəncə, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələr yaratma və dövlət sərhədini qanunsuz keçmə kimi xeyli sayda ittihamlarla mühakimə olunub.
Prokuror çıxışında Vardanyan üçün ömürlük həbs cəzası istəmişdi. Məhkəmə isə ona 20 il azadlıqdan məhrumetmə cəzası çıxarıb.
Ruben Vardanyanın ailəsi hökmə münasibət bildirən bəyanat yayıb. Ailə bəyan edib ki, Vardanyanın 20 il həbsə məhkum edilməsi onlar üçün “dağıdıcı, lakin gözlənilməz” olub və onun saxlanıldığı ilk gündən prosesin nəticəsinin əvvəlcədən müəyyən edildiyini düşündüklərini bildiriblər. Açıqlamada iddia olunur ki, Vardanyan ədalətli məhkəmə təminatlarından – vəkillərlə tam ünsiyyətdən və müstəqil medianın iştirakından – məhrum edilib. Ailə beynəlxalq ictimaiyyəti siyasi motivlərlə saxlanıldığı deyilən erməni məhbusların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.
Fevralın 5-də Bakı Hərbi Məhkəməsində Qarabağda fəaliyyət göstərmiş separatçı qurumun keçmiş rəhbərləri və onlarla birlikdə təqsirləndirilən şəxslər barəsində də hökm elan edilmişdi.
Məhkəmənin qərarı ilə keçmiş “prezident” Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib. Keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, “parlament sədri” Davit Ishkhanyan, “xarici işlər naziri” David Babayan və “müdafiə nazirinin müavini” David Manukyan də ömürlük həbs cəzasına məhkum edilib.
Keçmiş liderlər Arkadi Qukasyan və Bako Sahakyan üçün isə yaş amili nəzərə alınaraq ömürlük deyil, 20 il həbs cəzası seçilib. Digər təqsirləndirilən şəxslərə isə 15 ildən 19 ilə qədər azadlıqdan məhrumetmə cəzaları verilib.
Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. SSRİ-nin dağılması dövründə Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib.
1994-cü ildə əldə olunan atəşkəsdən sonra bölgədə faktiki olaraq tanınmayan separatçı idarəetmə formalaşıb. 2020-ci ildə baş vermiş 44 günlük müharibə nəticəsində Azərbaycan işğal altındakı ərazilərinin böyük hissəsinə nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrında keçirilən birgünlük hərbi əməliyyatlardan sonra Qarabağdakı erməni silahlı qüvvələri tərksilah olunub və bölgə üzərində Bakı tam suverenlik elan edib. Həmin əməliyyatlardan sonra keçmiş separatçı rəhbərlər saxlanılaraq Bakıya gətirilib və məhkəmə qarşısına çıxarılıb.
2025-ci il avqustun 8-də isə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar.