RSF: Həbsdə olan qadın jurnalistlər 8 Martda güllərlə yanaşı, seksist təhdidlərə də məruz qalır

Foto: RSF

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan həbsxanalarında saxlanılan doqquz jurnalist qadının taleyi ilə bağlı narahatlığını ifadə edib.

Təşkilatın bəyanatında bildirilir ki, Azərbaycan həbsxanalarında qadın jurnalistlərə qarşı zorlanma təhdidləri, seksist təhqirlər və psixoloji təzyiq halları mövcuddur. RSF bir müddət əvvəl Meydan TV-nin həbsdə olan əməkdaşları Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova və Xəyalə Ağayeva ilə Bakı İstintaq Təcridxanasında (BİT) qarşılaşdıqları zorakılıq hadisəsini xatırladıb.

Hadisə 2026-cı il fevralın 18-də baş verib. Meydan TV-nin əməkdaşları Aytac Tapdıq, Aysel Ümüdova və Xəyalə Ağayeva BİT-nin rəis müavini Cavid Güləliyev və əməkdaşlarının fiziki zorakılığına, təhqirinə və seksual təhdidlərinə məruz qalıblar. Jurnalistlərin kameralarına zorla daxil olan əməkdaşlar onları qollarından tutaraq, boyunlarını aşağı sıxıb zorla otaqdan çıxarıblar, psixoloji və verbal qısnama ilə təzyiq göstəriblər. Bu zorakılıqların səbəbi jurnalistlərin məhkəmə proseslərində etdikləri etirazlarla əlaqələndirilib və hər həftə təkrarlana biləcəyi barədə hədələr edilib.

RSF bildirir ki, “hər il 8 mart – dünyada qadın hüquqlarının qeyd olunduğu gün – Azərbaycan həbsxanalarında qadın məhbuslara güllər təqdim olunur. Hörmət rəmzi kimi verilən bu güllər, eyni zamanda həbsdə olarkən zorlanma təhdidləri və seksist təhqirlərlə üzləşdiklərini bildirən jurnalist qadınlara da verilir”.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə rəhbəri Janna Kavelye bildirib ki, qadın jurnalistlərə qarşı zorakılıq yalnız onlara fiziki təsir göstərmək məqsədi daşımır, eyni zamanda onları alçaltmaq, qorxutmaq və susdurmaq məqsədinə xidmət edir:

“Azərbaycan həbsxanalarında informasiyaları yaymaq istəyənləri susdurmaq üçün seksual xarakterli təhdidlərdən və güc nümayişindən istifadə edirlər. Bu cür sui-istifadə hallarının gender yönümlü olması təsadüfi deyil. Bu, jurnalist qadınları alçaltmaq və qorxutmaq üçün düşünülmüş strategiyanın bir hissəsidir. Məqsəd onların toxunulmazlığına qəsd etməklə, həm onları sındırmaq, həm də araşdırma aparmaq, məlumat yaymaq və ifşa etmək istəyən digərlərinə qorxuducu siqnal göndərməkdir”.

RSF Azərbaycanda saxlanılan doqquz jurnalist qadının dərhal və qeyd-şərtsiz azad edilməsinə, onların zorakılıqla bağlı şikayətlərinin müstəqil və şəffaf şəkildə araşdırılmasına və bu hərəkətlərə görə məsul şəxslərin cəzalandırılmasına çağırır. Təşkilat qeyd edir ki, bu hadisələr Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.

RSF yazır ki, Meydan TV-nin qadın jurnalistlərinə edilmiş zorakılıq hadisəsi son aylarda qeydə alınmış çoxsaylı oxşar məlumatlardan yalnız biridir.

Ötən ilin dekabrında dərc edilən məktubunda Aysel Ümüdova həbs olunarkən və penitensiar müəssisəyə aparılarkən ona qarşı seksual qısnama və pis rəftar halları baş verdiyini yazmışdı. O, xüsusilə polis əməkdaşının məcburi şəkildə nəqliyyat vasitəsində onunla istənilməyən fiziki təmas qurduğunu və bunun nəticəsində psixoloji travma yaşadığını qeyd edib.

Amerikanın Səsinin jurnalisti olmuş Ülviyyə Əli (Quliyeva) isə 2025-ci il mayın 6-da saxlanıldıqdan sonra elektron cihazlarının şifrələrini verməyə məcbur etmək üçün zorlanma ilə hədələndiyini bildirib.

Lənkəranda yerləşən Penitensiar Kompleksə köçürülən AbzasMedia-nın jurnalistləri 2026-cı il yanvarın 24-də həbsxana direktorunun saxlanılan qadınlardan birinə qarşı fiziki zorakılıq tətbiq etdiyini qeyd ediblər. Bu şəraitdə saxlanılan jurnalistlərin yaxınları həbsxana daxilində cəzasızlıq mühitinin mövcudluğundan ehtiyat edərək, onların təhlükəsizliyindən ciddi narahat olduqlarını bildirirlər.

“Bu gün 20-dən 50-yə qədər yaşda olan doqquz qadın sadəcə, jurnalist kimi öz işlərini gördükləri üçün həbsdədir. Bu təsadüfi deyil, qadın jurnalistləri susdurmaq cəhdi Azərbaycanda ümumi repressiya meyillərinin nəzərəçarpan hissəsinə çevrilib”, – insan hüquqları üzrə ixtisaslaşmış vəkil Sübhan Həsənli deyir. Onun sözlərinə görə, patriarxal cəmiyyətdə qadınlara qarşı seksist böhtanlar, seksual təhdidlər və həbsdə zorakılıq yalnız onları sarsıtmaq üçün deyil, həm də qadınların araşdırma jurnalistikası ilə məşğul ola biləcəyinə inamı zəiflətmək məqsədi daşıyır.

RSF qeyd edir ki, bütün bunlara baxmayaraq həbsdə olan qadın jurnalistlər saxlanma şəraiti və məhbuslara münasibət barədə yazmağa və məlumatlar yaymağa davam edirlər.

Sərhədsiz Reportyorlar təşkilatının 2025-ci il üzrə tərtib etdiyi “Dünya Mətbuat Azadlığı” reytinqində Azərbaycan 180 ölkə və ərazi arasında 167-ci yeri tutur. Təşkilat ölkədə qanunsuz olaraq saxlanılan media əməkdaşlarının siyahısını və qalereyasını mütəmadi olaraq yeniləyir.

Jurnalitslər Aytac Tapdıq, Aysel Ümüdova, Xəyalə Ağayeva, Aynur Elgünəş, Ülviyyə Əli, Fatimə Mövlamlı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova peşə fəlaiyyətlərinə görə həbsdədirlər. Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və həbslərini öz jurnalist fəaliyyətlərinə görə siyasi motivli repressiya hesab edirlər.

Ana səhifəXəbərlərRSF: Həbsdə olan qadın jurnalistlər 8 Martda güllərlə yanaşı, seksist təhdidlərə də məruz qalır