RSF Fərid Mehralızadənin və digər jurnalistlərin azadlığa buraxılmasını tələb edib

Fərid Mehralızadə. İllüstrasiya: AzadlıqRadiosu

Martın 6-da “Abzas Media işi” üzrə 9 il həbs cəzası alan AzadlıqRadiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadənin kassasiya şikayətinə baxılacaq.

Bu barədə açıqlama yayan Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Mehralızadənin və Azərbaycanda həbsdə olan digər jurnalistlərin azadlığa buraxılmasını tələb edib.

Təşkilat bəyanatında bildirib ki, Fərid Mehralızadə martın 6-da ona çıxarılmış hökmə qarşı kassasiya şikayəti verəcək:

“RSF onun və Azərbaycanda həbsdə saxlanılan bütün jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir”.

Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib.

Azərbaycanda korrupsiya araşdırmaları aparan AbzasMedia-ya qarşı təqiblər isə 2023-cü ilin sonlarından başlayıb.

Həmin il noyabrın 20-dən başlayaraq nəşrin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, 2024-cü ilin iyununda isə AzadlıqRadiosu-nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.

“Abzas Media işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il iyinun 20-də verdiyi hökm ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətRSF Fərid Mehralızadənin və digər jurnalistlərin azadlığa buraxılmasını tələb edib