“Ayrılan vəsait şəhərin yol problemini həll etməyəcək”
Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb.
Bununla bağlı dekabrın 16-da prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələri əsaslı təmir olunmalıdır. İşin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb. Yolların təmiri üçün vəsait prezidentin ehtiyat fondundan ayrılıb.
Bir müddət əvvəl Xırdalan şəhərinin yollarının təmiri üçün 2 milyon manat ayrılmışdı. Ancaq şəhər əhalisi daim yol problemlərindən, qazıntı işlərinin adi hal aldığından narazılıq edirlər. Xırdalanda yaşayan iqtisadçı Rövşən Ağayev hesab edir ki, bu şəhər, yol baxımdan ən kasıb ərazilərdən biridir.
“250 minə yaxın insan yaşasa da, prezidentin ayırdığı vəsaitlə çəkiləcək yolların uzunluğu o qədər də çox deyil. Şəhərdə 5 kilometrlik mərkəzi yolun təmirinə 3 milyon manat vəsait ayrılıb. Əlavə olaraq köməkçi küçələrlə bağlı 2 milyon manat ayrılıb. Ərazidə fundamental iş aparılmayacaq. Daha çox mövcud yollarda qaşınma işləri aparılacaq və asfalt çəkiləcək”.
Onun fikrincə, problem ondadır ki, bu vəsait də Xırdalanın yol problemini həll etməyəcək. İqtisadçı qeyd edib ki, şəhərdə son illər məskunlaşma əhəmiyyətli dərəcədə artsa da, yol infrastrukturu yoxdur.
“Yollar həddən artıq ensizdir. Yaşayış məntəqələrində məskunlaşma o şəkildə aparılıb ki, yol üçün ərazilər saxlanılmayıb. Şəhərdə elə küçələr var ki, yalnız bir maşın hərəkət edə bilir. Bu cür problemlərin necə həll olunacağı barədə sual açıq qalır. Bu mənada 5 milyon manat da yol infrastrukturundakı problemləri həll etməyəcək. Şəhərin mərkəzi küçəsinin eni 4 zolaqlı deyil. Belə olanda, ərazidə maşınların saxlanılması, səkilərin qurulması üçün işlər aparılmalıdır. Xırdalanın sonradan salınan hissəsi tam şəkildə şəhər standartlarına ziddir”.
Rövşən Ağayevin sözlərinə görə, Xırdalanda yol problemlərini köklü həll etmək üçün şəhərin standartlara uyğun yenidən qurulması lazımdır. İqtisadçı düşünür ki, ehtiyac olan ərazilərdə vətəndaşlara kompensasiya ödənilməli və həmin evlərin hesabına yolları genişləndirmək lazımdır.
“Vətəndaşın mülkiyyəti qiymətləndirilməli, kompensasiya ödənilməli və yollar genişlənməlidir. Qanunsuz tikinti aparanlarla da qanunun yol verdiyi qaydada davranılmalıdır”.