Futbol “təsərrüfatında” dəyişiklik olmadı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yanvarın 28-də keçirilən hesabat-seçki konfransında SOCAR prezidenti Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib.
“Komanda.az”
saytının məlumatına görə, bu posta yeganə namizəd Rövnəq Abdullayev olub. Səsvermə açıq keçirilib.
Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir.
Yanvarın 28-də AFFA İcraiyyyə Komitəsinin də iclası keçirilib.
Konfransda AFFA-nın Baş katibi Elxan Məmmədov qurumun icraçı-vitse prezidenti də seçilib. Bundan sonra Elxan Məmmədov AFFA-da iki vəzifə daşıyacaq.
Rauf Əliyevlə Elşad Nəsirov isə vitse-prezident postlarında qalıb. AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə yeni vitse-prezident olub.
Konfransın nəticələrini Meydan TV üçün şərh edən “Komanda.az” saytının baş redaktoru Rəşad Ergün Rövnəq Abdullayevin növbəti dəfə AFFA prezidenti seçiləcəyinin gözlənilən olduğunu bildirib.
“Artıq neçənci dəfədir ki, Abdullayevə “seçki”də heç bir rəqib olmur. Yığışırlar, “xeyirli olsun” deyirlər, vəssalam. Bu da ölkədə futbolun və idarəçiliyin hansı səviyyədə olduğunu göstərir. Bu, seçki deyil, təyinatdır. Amma AFFA FİFA-nın, UEFA-nın üzvüdür, sözdə guya müstəqil təşkilatdır. Əslində, Abdullayevdən başqa seçim də yoxdur. Azərbaycan futbolunu təpədən-dırnağa kimi SOCAR maliyyələşdirir. Abdullayev də SOCAR-ın prezidentidir. Yəni nə qədər ki, futbola pul neftdən gəlir, Abdullayev də AFFA prezidenti olmaqda davam edəcək. Təbii ki, SOCAR-dakı postundan uzaqlaşdırılmasa”.
2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması tarixinin ən zəif nəticəsini göstərərək, qrupda 1 xal topladı. Bunun nəticəsi kimi futbol ictimaiyyəti AFFA prezidenti Rövnəq Abdullayevin və Baş katib Elxan Məmmədovun istefasını tələb edirdi.