Nazir Natiq Əliyevin bəyanatı onun öz ehtimalları ola bilər
Bakıda “Rosneft” rəhbəri İqor Seçinlə neft emalı sahəsində heç bir konkret investisiya layihəsi, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin Kuban NZS-in tikintisi layihəsində iştirakı haqqında layihə müzakirə edilməyib. Bu barədə Azərbaycan hökumətində yanacaq-energetika sektoruna aid məsələlərlə məşğul olan mənbə Turan-ın müxbiri ilə söhbətində bildirib.
“Turan”ın energetika naziri Natiq Əliyevin nəyə əsaslanaraq belə bir bəyanat verdiyi barədə sualına cavabda hökumət nümayəndəsi bildirib ki, “nazir özü TASS müxbirinə etiraf edib ki, “Rosneft” rəhbərinin Bakıdakı danışıqlarının nəticələri barədə məlumatı yoxdur, lakin öz ehtimallarını əlavə edib. Çox güman ki, KİV artıq bunu görüşün yekunu kimi təqdim edib”.
Turan-ın həmsöhbəti bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti həqiqətən də hələ 2013-cü ilin avqustundan “Rosneft”lə neft nəqli və neft emalı sahəsində əməkdaşlığın müxtəlif variantlarına baxırdı. Lakin birinci variantda bu, Rusiya neftinin Bakı-Novorossiysk boru kəməri ilə revers nəqlinə və artıq neft həcminin Bakı NEZ-lərində emalına aid idi. SOCAR-ın neft hasilatı azaldığına görə tezliklə yerli NEZ-lərin xammalla dolması məsələsi gündəliyə gələcək (“Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz”dən çıxan kondensat tamamilə ixraca gedir).
SOCAR-ın İnvestisiyalar İdarəsindən Turan-a bildiriblər ki, kiçik NEZ-lərin tikintisi kommersiya cəhətdən sərfəli deyil. Böyük NEZ-lərə gəlincə, hazırda Dövlət Neft Şirkətinin belə bir zavod tikmək planı yoxdur. “Biz hazırda Türkiyədə ildə 10 mln. ton gücü olan NEZ tikirik və bu, bizim emal sahəsində strateji layihəmizdir, hətta Azərbaycanda belə yaxın illərdə yeni NEZ tikintisi nəzərdə tutulmur, yalnız gələcəkdə bu, genişmiqyaslı Qaradağ Neft-Kimya və Neft Emalı Kompleksi layihəsinin bir hissəsi olacaq”, deyə SOCAR-dan açıqlama veriblər.