İlkin Rüstəmzadə

Mənbə: Meydan TV

Başlıq: İlkin Rüstəmzadə

Şərəfli döyüşçünün və nəhəng dostluğun hekayəsi

Allahverdi Bağırovun qəbirüstü abidəsini kim düzəltdirib?

Bu gün sosial mediada Ağdamda şəhid milli qəhrəmanımız Allahverdi Bağırovun məzarının Azərbaycan bayrağına sarılmasının fotoları yayıldı. Bəs biz, təkcə uğruna həyatını fəda etdiyi xalqın deyil, həm də düşməninin ehtiramını qazanan bu qəhrəmanımızın qürur və hüzn dolu hekayəsini bilirikmi?

Qardaşının ölümündən sonra Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin sədri olan, özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov ermənilərin ən çox qorxduğu, eyni zamanda, ən çox hörmət etdiyi və ehtiram duyduğu döyüşçülərdən biriydi.

Müharibə başlayana kimi onun çoxlu erməni dostları olması ilə bağlı şahidlər tərəfindən təsdiqlənən məlumatlar var. Onun döyüş yoldaşları təsdiqləyirlər ki, müharibə illərində fərqli cəbhələrdə əlinə silah alıb döyüşən dostlar arasında qarşılıqlı hörmət və ehtiram qalmışdı.

Onun komandanlığı altında döyüşən şəxslər danışır ki, Allahverdi Bağırov erməni mülkiləri öldürmək, qadınlara toxunmaqla bağlı ciddi qadağalar qoymuşdu və bunu pozan hər kəsi özü sərt şəkildə cəzalandırdı.

Buna görə də ermənilər arasında ona qarşı həmişə hörmət edilir və ehtiram duyulurdu.

Müharibə vaxtı, xüsusilə də Xocalı işğalı zamanı erməni əsirliyində olan 700-dən (bəzi mənbələrdə 1000) artıq mülki şəxsin geri qaytarılması, Allahveri Bağırovun səylərinin və onun ermənilərlə, xüsusilə Əsgəran batalyonunun komandiri Vitali Balasayanla şəxsi dostluğunun nəticəsində mümkün olmuşdu.

Eyni zamanda əsirlərin dəyişilməsi prosesi zamanı, bu dostluğun nəticəsində qarşılıqlı şəkildə əsirlərlə pis davranmamaqla bağlı müsbət presedent yaradılmışdı, lakin təəssüf ki, bu presedent uzunömürlü olmadı.

Allahveri Bağırov

Allahveri Bağırov

Mənbə: google.az

Allahverdi Bağırov şəhid olduqdan, Ağdam işğal edildikdən sonra, bu qəhrəman döyüşçümüz şəhid olduğu yerdə də basdırılıb. Bilinən odur ki, onu azərbaycanlı döyüşçülər basdırırlar. Müharibədən sonra isə erməni dostları məzarına başdaşı qoyurlar. Bəzi məlumatlara görə, başdaşını Allahverdi Bağırovun dostu, Əsgəran batalyonunun komandiri Vitali Balasayan, digər məlumatlara görə başqa bir dostu Razmik Petrosyan qoydurur, lakin bilinən budur ki, həm Balasayan, həm də Petrosyan məzarı müntəzəm ziyarət edir, qulluq edir, onu qoruyurlar. Balasayan vəfat etdikdən sonra Razmik bu işi davam etdirir. İddia var ki, ilk qoyulan başdaşı sonradan bir dəfə dağıdılıb, Razmik yeni başdaşı qoydurub. Lakin bu iddianın dəqiqliyini təsdiq və ya inkar etmək hal-hazırda mümkün deyil.

Mətbuatda şəkilləri olan başdaşında isə bu sözlər yazılıb:

"АЛАВЕРДИ

ТЕЙМУР ОГЛЫ

БАГИРОВ

1946 - 1992

произв. гожа Гартал

он был настоящим другом

от Размика Петросяна".

Müharibədən sonra Ağdamda qardaşınınkı da daxil olmaqla bütün məzarlar dağıdılsa da, Allahverdi Bağırovun məzarı 2017-ci ilədək salamat qalır.

Razmik Petrosyan Allahverdi Bağırovun məzarı üstündə

Razmik Petrosyan Allahverdi Bağırovun məzarı üstündə

Mənbə: Meydan TV

Lakin 2017-ci ildə Razmik daşnakların təzyiqilə qısamüddətli həbs olunur, başdaşı məzardan çıxarılıb Xankəndiyə aparılır və orada dağıdılır.

Hadisə ilə bağlı jurnalistlərə müsahibəsində Razmik demişdi ki, "Xankəndindən gələn bir qrup erməni qəbir daşını apardı şəhərin lap mərkəzinə. Başladılar daşdan heyf almağa".

Daşı param-parça etdikdən sonra Razmikin axtarışına çıxırlar və o, növbəti dəfə qısamüddətli həbs olunur.

Razmik isə bütün təzyiqlərə baxmayaraq, abidəni dostları ilə birlikdə düzəltdiyini gizlətməyib: "Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq.

Allahverdi Bağırovun məzarı

Allahverdi Bağırovun məzarı

Mənbə: Meydan TV

Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik…".

Bu, Qafqazda düşmən olmağa məhkum edilmiş iki xalqın, düşmənin ən çox qorxduğu, nifrət etdiyi, həm də ehtiram göstəriyi bir qəhrəmanın, eləcə də iki düşmən xalqın nümayəndələrinin dostluğunun çox dəhşətli, hüznlü və sarsıdıcı hekayəsidir.

Və mütləq gələcək nəsillərə çatdırılmalıdır. Rus caynağının Qafqazı qana buladığı bugünlərdə, eləcə də yaxın illərdə xalqlar arasında sülh çox çətin görünsə də, bunun mümkünlüyünün kiçicik də olsa işartıları mütləq hər iki xalqa çatdırılmalıdır.

Razmik Petrosyan

Razmik Petrosyan

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tb69tx

Ən çox baxılan