Hüquqşünas bunu ifadə azadlığı pozuntusu kimi qiymətləndirir
Medianın İnkişafı Agentliyi (MEDİA) ilk dəfə bir media qurumunu məhkəməyə verib. Səbəb media reyestrindən qeydiyyatdan keçmək üçün müraciət etməməsidir.
Barəsində məhkəməyə müraciət edilən sayt “dia.az”-dır. Rəhbəri Məhəmməd Zamanov (Ərsoy) deyir ki, internet resursu artıq sayt yox, bloq kimi fəaliyyət göstərir.
Məhkəməyə gəlincə, Ərsoy deyir ki, Medianın İnkişafı Agentliyi “dia.az” bloquna qarşı “Media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi” iddiası ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib:
“Mənə məhkəmədən məktub gəlib. Orada bildirilir ki, noyabrın 14-də məhkəmədir. Tələb reyestr üçün müraciət etmədiyimiz üçün mənim jurnalist, saytın da media qurumu kimi fəaliyyətinə icazə verilməməsidir”.
Medianın İnkişafı Agentliyindən “Turan” İnformasiya Agentliyinə bildirilib ki, qurum nizamnaməsinə uyğun olaraq, “Media haqqında” Qanunun tələblərini pozan media subyektləri barədə qanunvericiliklə müəyyən olunmuş tədbirləri həyata keçirir.
Media hüququ üzrə ekspert Xalid Ağəliyev Meydan TV-yə bildirib ki, “Media haqqında” qanun ölkə Konstitusiyasına uyğun deyil. Əvvəla, qanun Konstitusiya ilə təminat altına alınan ifadə azadlığı, məlumat alma, yayma azadlığı hüququna əsas qanunun icazə verdiyindən daha geniş məhdudiyyətlər nəzərdə tutur. Digər tərəfdən, Konstitusiyaya görə, qanunlar əsas qanuna və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olmalıdır:
“Əgər uyğun deyilsə, beynəlxalq müqavilələr daha üstün hüquqi qüvvəyə malikdir. Azərbaycanın qoşulduğu əsas beynəlxalq müqavilələrin başında Avropa Konvensiyası gəlir. Avropa Şurasının Venesiya Komissiyası artıq qanunun konvensiyaya uyğun olmaması haqda rəy verib”.
Hüquqşünas bildirir ki, bu baxımdan, hazırda “Media haqqında” qanunun tətbiq edilməsi ilə media subyektlərinin başına gələnlər ifadə azadlığı hüququnun pozuntusunu təşkil edir. Onun sözlərinə görə, gec-tez Avropa İnsan Hüquqları Məhkəməsi belə pozuntuları öz qərarlarında tanıyacaq:
“Ona görə, ən doğrusu, qanunun Venesiya Komissiyasının rəyində, Avropa Şurası Nazirlər Komitəsinin qətnamələrində vurğulandığı kimi dəyişdirilməsidir”.
Bundan öncə daha çox media qurumları məhkəməyə müraciət edərək, Medianın İnkişafı Agentliyinin reyestrdən keçməklə bağlı müraciətlərinə rədd cavabı verməsindən şikayət edirdi. İndi isə əksinə, Medianın İnkişafı Agentliyi saytları məhkəməyə verməyə başlayıb.
Məhkəmələr “24saat.org”, “dogruxeber.az” saytlarının, “Gündəm Xəbər” qəzetinin bu barədəki şikayətlərini rədd edib.
İmtina məktublarının hər birində “fəaliyyət davamlı deyil”, – əsası göstərilib.
Agentlik hər saytdan onlayn media resursuna hər gün azı 20 özəl xəbər yerləşdirməyi tələb edir.
2021-ci ilin sonunda Azərbaycanda “Media haqqında” Qanun parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.
2022-ci ilin fevralında ölkə başçısının təsdiqləməsilə qanun qüvvəyə minib.
Yeni qanun həmçinin media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.
Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.
Ölkənin müstəqil jurnalistləri və media sahəsinin mütəxəssisləri düşünür ki, “Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir.
Beynəlxalq təşkilatlar və o cümlədən, Venesiya Komissiyası da qanunla bağlı mənfi rəy verib, bunu ifadə azadlığına müdaxilə sayıb.