Otelə atılan raket daha iki jurnalisti yaralayıb
Ukraynanın şərqindəki Kramatorsk şəhərində otelə hücum zamanı “Reuters” Agentliyinin Ukraynadakı müharibəni işıqlandıran komandasının üzvü Rayan Evans ölüb. Daha iki “Reuters” jurnalisti yaralanıb.
Agentlikdə təhlükəsizlik üzrə məsləhətçi kimi çalışan Evans altı nəfərlik komandası ilə “Hotel Sapphire”-də qalırmış.
Agentliyin iki jurnalisti xəstəxanada müalicə olunur. Onlardan birinin ağır yaralandığı bildirilir.
“Biz təcili olaraq hücumla bağlı əlavə məlumat axtarırıq, o cümlədən Kramatorskdakı səlahiyyətlilərlə işləyirik və həmkarlarımızın, onların ailələrinin yanındayıq”, – “Reuters” deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, otel Rusiyanın 500 km (310 mil) məsafədən vura bilən ballistik raketi olan “İskəndər” ilə vurulub.
O, müraciətində “Adi bir şəhər oteli rusiyalı İskəndər tərəfindən dağıdıldı”, – deyib. Əlavə edib ki, bu, “tamamilə məqsədyönlü, düşünülmüş addımdır”.
Hələlik, oteli vuran raketin Rusiya tərəfindən atılıb-atılmadığı və ya həmin binanın qəsdən vurulması təsdiqlənməyib.