“AXC banisinin yaşadığı binada xatirə lövhəsi quraşdırılmalıdır”
Elm və mədəniyyət xadimlərindən ibarət təşəbbüs qrupu Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin Bakıda xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib.
Müraciəti Azərbaycanın əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli, yazıçı-publisist, Rəsulzadə ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov imzalayıblar.
“Turan” İnformasiya Agentliyinin məlumatına görə, onlar Azərbaycanın ikinci şəhəri olan Gəncədə AXC-nin 100 illiyi qeyd olunan il Cümhuriyyət Muzeyi açıldığını, tarixi binaların divarlarında xatirə lövhələrinin quraşdırıldığını xatırladaraq təəssüfləniblər ki, Bakıda AXC-nin 100 illik yubileyini “unudublar”.
Təşəbbüs qrupu Novxanıda Məmməd Əmin Rəsulzadənin doğulub-böyüdüyü evdə ekspozisiya yerləşdirilməsini, AXC banisinin ev muzeyinin yaradılmasını istəyir:
“M.Ə.Rəsulzadənin siyasi həyatının keçdiyi “Azərbaycan” qəzetinin redaksiyası, Müsavat Partiyasının qərargahı, onun yaşadığı Nizami küçəsi, 59 ünvanında olan binalarda xatirə lövhələri quraşdırılmalıdır. O, bir daha qayıtmayacağı bu mənzildən 1920-ci ildə ailəsi ilə vidalaşaraq çıxıb. Ailə üzvlərinin bəziləri güllələnib, digərləri Orta Asiyaya deportasiya olunub”.
Təşəbbüs qrupu xatırladıb ki, Bakıda Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Abdulla Şaiqin ev muzeyləri var, Bülbülün, Səttar Bəhlulzadənin, Əzim Əzimzadənin və digər dahi azərbaycanlıların abidələri quraşdırılıb. Amma Məmməd Əmin Rəsulzadənin abidəsi və ev muzeyi yoxdur”.
Təşəbbüs qrupu ictimaiyyətə müraciət edərək, dövlətçiliyə və tarixi-mədəni ənənələrə sadiqlik nümayiş etdirməyə çağırıblar:
“Biz sübut etməliyik ki, xalq, qədir bilən millət, şüurlu vətəndaş cəmiyyətiyik. Bununla bağlı dəstəyinizi, məsləhətlərinizi və təkliflərinizi səbrsizliklə gözləyirik”, – müraciətdə deyilir.
Müraciəti imzalayanlardan telejurnalist Qulu Məhərrəmli Meydan TV-yə müraciətin hakimiyyətə yox, ictimaiyyətə ünvanlanması haqda sualı belə izah etdi:
“Biz belə qərara gəldik ki, bu işləri hakimiyyət yox, vətəndaş cəmiyyəti görsün. Hökumət bu işləri indiyə qədər etsəydi, gerçəkləşdirə bilərdi. Ona görə biz bu məsələni ictimaiyyətin təşəbbüsü kimi gündəmə gətiririk və dəstəklənəcəyinə, muzeyin yaradılması istiqamətində addımlar atılacağına ümid edirik. Əlbəttə, hökumət də bu işə qoşulub yardımçı olarsa, imtina olunmur. Amma müraciət əsasən cəmiyyətə ünvanlanıb. İctimaiyyət bu istiqamətdə davamlı addımlar atmasa, nəticəsi olmayacaq. Biz cəmiyyətin əks-sədasına baxacağıq”.
Qulu Məhərrəmli İşçi Qrupun yaradılacağını da bildirib.