Cəmil Ünal: “Məsələni siyasi polemikaya çevirmək istəyirlər”
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı Əsri məzarlığındakı qəbrinin abadlaşdırma məqsədilə sökülməsi narazılığa səbəb olub.
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal məsələyə kəskin reaksiya verib.
O bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə bağlı qanuni və müvafiq səlahiyyətlər Azərbaycan Kültür Dərnəyinə aiddir və onlara xəbərdarlıq edilmədən qəbir daşı sökülüb.
Cəmil Ünalın açıqlamasında deyilir ki, Azərbaycan Kültür Dərnəyi Rəsulzadə tərəfindən qurulan bir təşkilatdır və 75 ildir ki, onun canlı əsəri kimi fəaliyyətini davam etdirir:
“Biz Rəsulzadənin məzarını 69 ildir ki, qoruyuruq. Təəssüflə demək istəyirəm ki, məqbərənin sökülməsindən xəbərimiz olmayıb. Məhəmməd Əmin Rəsulzadə ilə Azərbaycan Kültür Dərnəyi arasında qanun çərçivəsində institusional əlaqələrdən xəbərsiz, yaxud qanun çərçivəsində bu barədə məlumatı olmayanları maarifləndirmək üçün müvafiq sənədləri Azərbaycan və Türkiyə ictimaiyyəti ilə bölüşmək istəyirəm. Çünki məsələni siyasi polemikaya çevirmək istəyirlər”.
Təqdim olunan sənədlərdə isə qeyd edilir ki, Rəsulzadənin abidə kompleksi 1955-ci ildə Azərbaycan Mədəniyyət Dərnəyi tərəfindən inşa olunub.
Həmçinin bildirilir ki, məzarın yenilənməsi məqsədilə 2004-cü il iyulun 28-də Ankara Böyükşəhər Bələdiyyəsinə müraciət edilib.
Bələdiyyə Rəsulzadənin vərəsələrindən birinin razılığının tələb olunduğunu dərnəyə bildirib:
“Ailənin yeganə üzvü, Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Ankaraya dəvət edilib və əməliyyat üçün tələb olunan razılıq və etibarnamə notarial qaydada Ankara Böyükşəhər Bələdiyyəsinə təqdim edilib.
Sənədin məzmunu belədir: Azərbaycan Kültür Dərnəyi babam Məhəmməd Əmin Rəsulzadənin Ankara Cəbəci Əsri qəbiristanlığındakı məzarını başqa yerə köçürmək, abidə məzarını tikdirmək, Ankara Bələdiyyəsində hər cür əməliyyatları həyata keçirmək, məzarın memarlıq layihələrini çəkmək və bizi tam şəkildə təmsil etmək səlahiyyətinə malikdir”.
Qanunla məzar üzərində müdaxilə, dəyişiklik kimi işlərin aparılmasına ailə üzvlərinin razılıq verilməsini nəzərə alaraq, Meydan TV Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə əlaqə saxlamağa çalışıb, lakin zənglərə cavab verilməyib.
Azərbaycanın Türkiyədəki Səfirliyi məzarın abadlaşdırıldığını deyir
Fevralın 28-də Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb ki, Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır.
Məlumatda xatırladılır ki, Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Məhz sərəncamdan irəli gələrək, məzarın abadlaşdırılmasına başlanılıb.
Abadlıq işləri Türkiyənin müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparılır və Rəsulzadənin vəfatının ildönümünə (6 mart) qədər yekunlaşması nəzərdə tutulur.
Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin doğulmasının 140 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub.
1902-ci ildə Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb.
1911-ci ildə Müsavat Partiyasının əsasını qoyanlardan biri olan Rəsulzadə 1917-ci ilin payızında Rusiya Dumasına Azərbaycan və Türküstandan millət vəkili seçilib.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub.
Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb.
Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin may-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri olub.
Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib.
Məhəmməd Əminin abidəsinin müəllifi Tuncer Kırhan, həm də Rəsulzadə tərəfindən 1949-cu ildə yaradılmış və bu günə qədər fəaliyyətini davam etdirməkdə olan Azərbaycan Kültür Dərnəyidir.
Hazırkı qəbirüstü abidədən öncə Məmməd Əmin Rəsulzadənin məzar üstü müxtəlif vaxtlarda iki dəfə dəyişdirilib.