“Rəsulzadə bizi sülalə hakimiyyətindən cümhuriyyətə çağıran bir simvoldur”

“Rəsulzadə təkcə güc alacağımız keçmiş deyil, Rəsulzadə həm də gedəcəyimiz gələcəkdir”

Source: Specify Source


İsa Qəmbər: “Mən buradan xəbərdarlığımı edirəm, təkcə ev muzeyi ilə məsələ bitmir”

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularında (1918-1920) olmuş Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Bu münasibətlə Müsavat Partiyası və Milli Şura üzvləri Məmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

Rəsulzadənin abidəsi önünə toplanan müsavatçılar öncə sabiq Xarici işlər naziri Tofiq Qasımovun xatirəsini yad ediblər. Sonra Rəsulzadə İrsinin araşdırmaçısı Nəsiman Yaqublu çıxış edib. O bildirib ki, böyük öndərin məqsədi Azərbaycanda seçimli cəmiyyət yaratmaq idi, bu yolla gedən ölkələr və xalqların taleyi göz önündədir. Demokratik seçki olmayan ölkələrin taleyi isə məlumdur:

“Ona görə də hər dəfə Rəsulzadəyə üz tutduqca, orda yeni dəyərlər görürük. Xüsusilə iki məqamı vurğulamağı özümə borc bilirəm: Rəsulzadə millətin siyasi şüura sahib olmasının əsasını qoydu, son 30 ildə və 70 illik SSRİ-də gördüklərimiz göstərdi ki, siyasi şüura sahib olmayan bir millətin siyasi gələcəyi ola bilməz. Rəsulzadə yazırdı ki, siyasi partiyaları olmayan bir millətin siyasi duyğuları və siyasi düşüncəsi ola bilməz. Siyasi duyğusuz və siyasi düşüncəsiz xalqlar azad ola bilməzlər, müstəqil dövlət və demokratik cəmiyyət qura bilməzlər. Bu gün dünyada çoxlu sayda müstəqil dövlətlər var, amma onların hamısı hüquqi-demokratik cəmiyyət qura bilməyib. Müstəqillik bizim qazancımızdır, amma biz hələ demokratik cəmiyyət quruculuğunu başa çatdıra bilməmişik. Bir çox xalq var ki, adları çəkiləndə, şəxsiyyətləri xatırlanır, Azərbaycanda isə az qala Rəsulzadənin üstündən xətt çəkilir. Ona görə 30 ildir demokratik cəmiyyət qura bilmirlər”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Rəsulzadənin doğum gününün Azərbaycan xalqı üçün bayram olduğunu deyib: “Böyük öndər Azərbaycana cümhuriyyətçilik və parlamentarizm gətirib. Parlament Rəsulzadənin təşəbbüsü ilə qurulub və Şərqdə ilk parlament kimi tarixə düşüb”.

İsa Qəmbər illərdir hakimiyyətdən paytaxtın mərkəzində Rəsulzadənin abidəsinin ucaldılmasını, Bakı Dövlət Universitetinə onun adının geri verilməsini tələb etdiklərini xatırladıb:

“Biz həm də ziyalılara təklif etmişik ki, yalnız elmi araşdırmalarla deyil, ictimai təşəbbüslərlə çıxış etsinlər. Bu mənada bir qrup ziyalının bir araya gəlib Rəsulzadənin ev muzeyinin bərpasını gündəmə gətirməsi müsbətdir. Çox təəccüblüdür ki, bu ideyanı gündəmə gətirənlər ideyanın daşıyıcısı Müsavat Partiyasının rəhbərliyi ilə məsləhətləşmədən belə bir addım atıblar. Təəccüblüdür ki, həmin qrupda uzun illər ömrünü Rəsulzadə irsinə həsr etmiş insanlarla yanaşı bu ideyaya aidiyyatı olmayanlar var. Eyni zamanda, elə adamlar var ki, onlar hakimiyyətin razılığı olmadan bir addım atmazlar. Bu, onu göstərir ki, hakimiyyət bizim tələblərimizi, ziyalılarımızın çağırışını eşidərək bu istiqamətdə müəyyən addım atmaq niyyətindədir. Amma mən buradan xəbərdarlığımı edirəm, təkcə ev muzeyi ilə məsələ bitmir, ev muzeyi minimum bir işdir. Rəsulzadənin abidəsini Bakının ən yüksək yerində ucaltmaq lazımdır. Onun adı BDU-ya geri verilməlidir, ADR qurucularının adları əbədiləşdirilməlidir. Həmin ziyalılara bu məsələləri də gündəmə gətirməyi təklif edirik. Öz fəaliyyətlərini yalnız ev-muzeyi ilə yekunlaşdırmasınlar”.

0_FRvwSlrDo1_e2JOh.jpg
Əli Kərimli

Ardınca M.Ə.Rəsulzadənin abidəsi önündə Milli Şura üzvləri toplantı keçirib. Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, Rəsulzadə Azərbaycan dövlətinin qurulması üçün ailəsini və şəxsi həyatını qurban verib, bütün şüurlu həyatı mübarizələrdə keçdi, amma bir gün də mübarizələrdən vaz keçmədi və son nəfəsində də Azərbaycan dedi:

“Ona görə də Rəsulzadə irsi ölməyəcək. Rəsulzadə təkcə güc alacağımız keçmiş deyil, Rəsulzadə həm də gedəcəyimiz gələcəkdir. Biz məhz onun qurduğu modellə yenidən cümhuriyyətimizi bərpa edəcəyik. Bu gün Rəsulzadə bizi sülalə hakimiyyətindən cümhuriyyətə çağıran bir simvoldur. O simvol bizə deyir ki, 102 il əvvəl cümhuriyyəti haqq etmiş xalq uzunmüddətli əsarətdə qala bilməz. Biz yenidən tezliklə cümhuriyyətimizi qurub azadlıqlarımızı bərpa edəcəyik. Biz ona görə Rəsulzadə deyirik ki, Rəsulzadə bir Azərbaycan sevgisidir!”

Ana səhifəSiyasət“Rəsulzadə bizi sülalə hakimiyyətindən cümhuriyyətə çağıran bir simvoldur”