Nadir Qafarzadə: “150 nəfərdən artıq adam olmayacağını nəzərə alıb qonorarı endirdim”
Nazirlər Kabineti bu günlərdə Yeni ilin restoran və şadlıq saraylarında keçirilməsinə icazə verib.
İctimai iaşə obyektləri 2021-ci il 31 dekabr saat 00:00-dan 2022-ci il 1 yanvar saat 2:00-dək fəaliyyət göstərəcək.
Adam sayı 150 nəfərdən artıq olmayacaq.
18 yaşdan yuxarı hər kəs iki doza peyvənd olunmalı, ya da immunitet, yaxud əks-göstəriş sertifikatını təqdim etməlidir.
Şənlik mərasimlərində iştirak edənlərin tibbi maskadan istifadəsi tələb olunmayacaq.
Restoranların Yeni il gecəsində bir nəfər üçün nəzərdə tutulan qiyməti 175-200 manat arasında dəyişir. Bura yalnız bir neçə çeşid yemək daxildir. Spirtli içkilər üçün əlavə pul xərcləmək lazımdır.
“JW Marriott Absheron Baku” otelindəki restoranlar:
1 nəfər – 200 manat
“Fairmont Baku”dakı restoranlar:
“BAR 19” – 1 nəfər – 200 manat
“Alov Restaurant and Jazz Bar” -1 nəfər – 175 manat
“Four Seasons Hotel”də:
“Zafaran” restoranı -1 nəfər – 190 manat
“Caspian” restoranı – 1 nəfər – 210 manat
Bu otellərdə Yeni ili qarşılayıb, gecələmək üçün qiymətlər isə 700 manatdan başlayır.
Şadlıq saraylarında Yeni il qiymətləri:
“Sapfir Saray” – 1 nəfər -350-400 manat
“Kremlin Hall” – 1 nəfər -200 manat
“Meridian” – 1 nəfər- 150-200 manat
“Xəmsə” – 1 nəfər- 150-200 manat
“İmperial” – 1 nəfər- 130 manat
“Piano Hall” – 1 nəfər- 120 AZN
“Bəm Lido” – 1 nəfər -120 manat
“Mega Palace” – 1 nəfər- 120 manat
“Rich Palace” – 1 nəfər -100 manat
“Ölkədə əhalinin belini bükməyə qadir olan bahalaşma yaşanır”
İqtisadçı Nemət Əliyev Meydan TV-yə deyir ki, ictimai iaşə obyektlərindəki bayramqabağı qiymət artımı Yeni illə bağlı deyil, tendensiyadır və davam edəcək:
“Pandemiyada ən çox itkiyə məruz qalan ictimai iaşə obyektləri oldu. İndi də şadlıq sarayı və restoran sahibləri Yeni ilin keçirilməsinə icazənin verilməsinə fürsət kimi baxırlar. Yəni obyekt işlədənlər qiymət artımında maraqlıdırlar. Lakin bir məqamı xüsusilə qeyd edim ki, digər illərlə müqayisədə 2021-ci ildə ölkədə bahalaşma biabırçı həddə çatıb. Hökumətin ilin əvvəlindən başlayaraq bahalaşma istiqamətində atdığı tətikləyici addımlar hamıya məlumdur. Ölkədə əhalinin belini bükməyə qadir olan bahalaşma yaşanır. Daxili bazara göz gəzdirsəniz, görərsiniz, qiymətlər hər an artır”.
Müğənnilər Yeni il qonorarını aşağı salıb
Yeni il axşamı restoranlarda qiymətlər baha olsa da, müğənnilərə oxumaq üçün təklif olunan qonorar aşağı salınıb.
Müğənni Nura Suri məhz buna görə Yeni il axşamı restoranlarda oxumaqdan imtina edib:
“Bəzi müğənnilər qiyməti çox aşağı salıb. Restoran sahibi də deyir ki, 150 nəfərlə qazana bilmirəm. Ona görə də müğənniyə çox pul verə bilmirəm. Mən də fikirləşirəm ki, bayram günü uşağımı evdə tək qoyub, gedib işləməyə dəyməz. Çox aşağı qonorara çıxış etmək mənim fikrimcə, düzgün deyil”.
Müğənni Nadir Qafarzadə Yeni il axşamı beş restoranda çıxış edəcək:
“Daha çox restoranda oxuya bilərdim. Sadəcə, restoranlar axşam saatlarını istəyir deyə çatdırmaq olmur. Restoranlarda 150 nəfərdən artıq adam olmayacağını nəzərə alıb, qonorarımı endirdim. Fürsət düşüb, bütün sənət adamları bunu gözləyirdi ki, pul qazansın. Mənim başqa yerdən gəlirim yoxdur. Pulumu ancaq səsimlə qazanıram. Pandemiya ilə əlaqədar bütün dünyada böhran yaşanır. Bizim sahəmizdə də vəziyyət ürəkaçan deyil”.