Respublika Prokurorluğunda vəkillə bağlı icraata başlayıb

Türkel Süleymanlı təqib olunmasının əsasında onun Rövşən Əhmədovun işindən kənarlaşdırmaq məqsədi dayandığını hesab edir

Source: Foto: google.az


Vəkil: “İzahatıma obyektiv baxacaqlarına əmin deyiləm”

Respublika Prokurorluğu Ali Məhkəmənin sədri Ramiz Rzayevin vəkil Türkel Süleymanlı haqqında şikayəti əsasında icraata başlayıb. Ali Məhkəmə sədri vəkil barəsində Vəkillər Kollegiyasına da şikayət göndərib.

Bu barədə Meydan TV-yə vəkil Türkel Süleymanlı özü açıqlama verib.

Türkel Süleymanlının sözlərinə görə, Ramiz Rzayevin şikayətinin əsas motivi onun keçmiş Nəqliyyat Nazirliyinin 8.3 il müddətinə azadlıqdan məhrum edilən keçmiş işçisi Rövşən Əhmədovu müdafiə etməsidir. O deyib ki, Rövşən Əhmədova qarşı nəqliyyat nazirinin keçmiş köməkçisi Çingiz Baxşıyevin şikayəti əsasında Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə iş açılmışdı və bu məsələ ilə bağlı vəkil Prezidentə müraciət də edib. Türkel Süleymanlı deyib ki, iş Ali Məhkəmədə olarkən vəsatət verib və bu, məhkəmə rəhbərliyinin xoşuna gəlməyib:

“Ötən ilin dekabrında hakim Fərhad Kərimova vəsatət xarakterli ərizə ilə müraciət etdim. Amma hakim ərizəni müzakirəyə çıxartmaq əvəzinə Ali Məhkəmə sədri Ramizə Rzayevə təqdim edib. Ramizə Rzayev isə buna görə Respublika Prokurorluğuna və Vəkillər Kollegiyasına şikayət etdi. Halbuki, mən ərizəni Ramizə Rzayevə ünvanlamamışdım. Ərizəyə məhkəmə iclasında baxılıb qiymət verilməliydi, yəni ya təmin etməli, ya da rədd etməliydi. Cinayət-Prosesual Məcəllənin 92-ci maddəsində vəkilin hüquqları haqqında tələblər qoyulub. Qanun hətta Ali Məhkəmə sədrinə də ərizəni yoxlamaq hüququ verməyib. Yalnız hakim qərar verməlidir ki, yalandır, yaxud doğrudur. Amma yazdığım ərizə mənə qarşı təqib vasitəsi kimi istifadə olunur”.

Türkel Süleymanlı təqib olunmasının əsasında onun Rövşən Əhmədovun işindən kənarlaşdırmaq məqsədi dayandığını hesab edir:

“Məsələ ondadır ki, Rövşən Əhmədovun işinin Avropa Məhkəməsinə göndərilmə perspektivi var, çünki saxtakarlıq olub. Ona görə məni təqib edib işdən kənarlaşdırmaq istəyirlər”.

T.Süleymanlı Baş Prokurorluqda dindirildiyini və hazırda şikayətin Korrupsiya İdarəsinə göndərildiyini dedi:

“İdarəyə artıq izahat vermişəm. Vəkillər Kollegiyasının İntizam Komissiyası da məndən izahat istəyib. Əgər Ramiz Rzayev məsələni qəti qoyubsa, komissiyanın izahatıma obyektiv baxacağına əmin deyiləm”.

Vəkil

Türkel Süleymanlı

Rövşən Əhmədova qarşı açılan cinayət işində saxtakarlığa yol verilməsi ilə bağlı Prezidentə müraciət etdiyini bildirib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV-nin Ali Məhkəmə sədri Ramiz Rzayevin şikayəti haqqında sualına “bu məsələ ilə bağlı heç bir şərh vermək istəmirəm” deyib və telefonu qapadıb.

R.Əhmədov yaxın qohumu Çingiz Baxşıyevin şikayəti əsasında saxlanılıb. O, Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə ittiham olunurdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (yad şəxsin böyük həcmdə əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi açılsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi bəraət hökmü çıxardıb. Amma R.Əhmədov ötən ilin fevralında Bakı Apelyasiya Məhkəməsində 8.3 il azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətRespublika Prokurorluğunda vəkillə bağlı icraata başlayıb