ResPlatforma: “Azərbaycan yarıtmaz idarəçilikdən xilas olmalıdır”

III Respublika Platforması. Foto: Meydan TV

Hərəkat Əliyev hökumətinə müxalif mövqeyini davam etdirdiyini açıqlayıb

Dekabrın 6-da III Respublika Platforması (ResPlatforma) quruluş ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, ResPlatforma Post-Qarabağ Gündəliyi ilə Azərbaycan ictimaiyyətinin qarşısını çıxaraq Azərbaycan siyasi həyatının düçar olduğu ifrat etatizmdən qurtulmağa və müasir desentralizasiyaçı demokratik prinsiplər əsasında ölkənin real və taleyüklü problemlərinin aradan qaldırılmasına dair ideyalar irəli sürür:

“Post-Qarabağ Gündəliyi təsbit edir ki, artıq Qarabağ problemi həll edilib və Azərbaycan siyasətinin fokus nöqtəsi vahid əldə təmərküzləşmiş yarıtmaz idarəçilik anlayışından xilas olmağa yönəlməlidir. Bu məqsədlə ResPlatforma, ilk növbədə, mütərrəqi vətəndaşlarımızı siyasi iştirakçılığa və əməkdaşlığa dəvət edir. Yarandığı dövrdən ResPlatforma ölkənin təməl problemlərinə dair konseptual sənədlərlə çıxış edib, ictimai müzakirələrdə fəal iştirak edib və hazırkı repressiya şəraitində hərəkatın institusional bazasını qoruyub saxlamağa çalışıb”.

Bəyanatda bir daha təkrar olunur ki, III Respublika Platforması Əliyev hökumətinə qarşı prinsipial müxalif mövqeyindən geri çəkilmədiyini, hərəkatın quruluş və konseptual sənədlərinə əsasən fəaliyyətini davam etdirəcəyini bəyan edir.

III Respublika Platformasının Qurucu Heyətinin spikeri Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb.

Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.

Ana səhifəSiyasətResPlatforma: “Azərbaycan yarıtmaz idarəçilikdən xilas olmalıdır”