Rəsmi statistika son 20 ilin ən yüksək işsizlik göstəricisini qeydə alıb

Çox təəssüf ki, mövcud ənənə bu gün də davam edir, real işsizliklə bağlı vəziyyət acınacaqlıdır, gənclər arasında işsizlik ən azı 35 faizdən çoxdur, ümumi işsizlik isə yüksəkdir.

Foto: Meydan TV


Nazim Bəydəmirli: “Real işsizliklə bağlı vəziyyət acınacaqlıdır”

Yerli məşğulluq idarələri sentyabrın 1-ə olan məlumata görə 71 min işsiz qeydiyyata alıblar.

“Turan” İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Agentlik qeyd edib ki, bu, son iyirmi ildə ən yüksək göstəricidir.

Bu ilin əvvəli ilə müqayisədə fəal şəkildə iş axtaran şəxslərin sayı 3,5 dəfə artıb. Bununla belə, həmin rəsmi mənbələrə əsasən, ölkədə işsizliyin səviyyəsi dəyişmir və iqtisadi fəal əhalinin 5 faizini (253 min nəfər) təşkil edir.

“İşsizlərin əsas hissəsi – 29 min nəfər Bakıda qeydiyyatdadır. Rəsmi məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikasında 450 min nəfər yaşayır və bir nəfər də olsun işsiz qeydiyyata alınmayıb. Qeydiyyatda olanların sayının çoxluğuna baxmayaraq, işsizlərin yalnız kiçik kontingenti müvafiq müavinət alır. DSK-nin məlumatına görə, sentyabrın 1-ə 638 işsizə müavinət verilir. Bu ilin yanvar ayında bu göstərici 1100 nəfəri ötürdü. İşsizliyə görə müavinət ayda 233,5 manat təşkil edir”, – agentlik yazıb.

DSK-nin məlumatını Meydan TV-yə şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli deyib ki, heç kim açıqlanan rəqəmlərin gülüş doğurduğuna şübhə etmir.

Nazim Bəydəmirli qeyd edib ki, iqtisadi baxımdan inkişaf edən ölkələrdə işsizlik səviyyəsi 9-13 faiz olduqda, yaxşı göstərici sayılır:

“Bir gün öncə Türkiyənin statistika qurumu açıqlama yaymışdı ki, ümumi işsizlik 13, gənslər arasında isə 24,8 faizdir. Hətta bu rəqəmləri istinad kimi götürsək, Azərbaycanda 5 faizlə bağlı deyilən rəqəmlər etimad qazanmır”.

560302_10151464884554393_1194547930_n.jpg
Nazim Bəydəmirli

Amma iqtisadçı 71 min nəfər işsizin qeydə alınmasını müsbət qiymətləndirir, çünki illər boyu 35-40 min civarında işsizin olduğunu bildirirdilər:

“Belə təəssürat yaranırdı ki, SSRİ-nin Plan Komitəsi ayrı-ayrı rayonlara neçə nəfər işsizin qeydə alınması barədə yuxarıdan göstəriş göndərib. Çox təəssüf ki, mövcud ənənə bu gün də davam edir, real işsizliklə bağlı vəziyyət acınacaqlıdır, gənclər arasında işsizlik ən azı 35 faizdən çoxdur, ümumi işsizlik isə yüksəkdir. Dövlət büdcəsinin gəlirlərində də bunu müqayisəli görmək mümkündür. Çünki gəlir vergisi heç 1 milyard manata çatmır, 750-800 milyon göstərilir. Orta aylıq əmək haqqını nəzərə alaraq bunu adambaşına böldükdə, işlə təmin olunan 1,6-2 milyon arası adam var. Qalanları hardadır, DSK bu suala cavab vermir”.

Ana səhifəİqtisadiyyatRəsmi statistika son 20 ilin ən yüksək işsizlik göstəricisini qeydə alıb