Rəsmi: Ötən il Azərbaycanda suvarma suyunun yarıdan çoxu itkiyə gedib

Su ehtiyatları. Foto: “Azərtac”

İçməli suyun itkiyə gedən faizi də yüksək hesab olunur

2023-cü ildə Azərbaycanda içməli suyun 39 faizi, suvarma suyunun isə 50 faizdən çoxu itkiyə gedib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə belə deyib. Onun sözlərinə görə, bu rəqəm azalaraq belə olub. Zaur Mikayılov bildirib ki, əslində son 4 ildə içməli su itkisi 44 faizdən 39 faizə enib:

 “Amma 39 faiz də qürur duyacaq bir rəqəm deyil. İçməli su sistemləri üzrə dünyada ideal rəqəm 10 faizdən az sayılır”.

Zaur Mikayılov deyib ki, hədəfləri yaxın 10 ildə içməli suda itkini 20 faizə salmaqdır. 2050-ci ilədək isə 10 faizdən aşağıya endirməyi hədəfləyirlər:

“Qonşu Türkiyədə suvarma sistemlərində itki 65 faiz, içməli suda 30 faizdir. Əslində bizim 35 milyard kubmetr su balansımız bizə yetərlidir. İtkiləri azaltsaq, suyun səmərəsiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burda şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”.

İqtisadçı Fərid Mehralızadə deyir ki, Azərbaycan dünyada su çatışmazlığı riskinin ən yüksək olduğu ölkələrdəndir. Bu, rəqəmlərdən də bəllidir. Onun sözlərinə görə, suvarmada itkiyə gedən suyun həcmi istifadə ediləndən daha çoxdur:

Fərid Mehralızadənin şəxsi arxivindən

 “Daha öncə açıqlanmışdı ki, ölkədə suvarılan torpaqların cəmi 5 faizində müasir suvarma sistemləri tətbiq edilir. İçməli su itkisi üzrə dünyada ideal göstərici 10 faizdən aşağıdır. Yəni, Azərbaycanda içməli su itkisi normadan azı 4 dəfə çoxdur. Azərbaycan su itkilərini normal səviyyəyə 2050-ci ildə çatdırmağı planlaşdırır”.

İqtisadçı bildirir ki, hökumət vaxt itirmədən müasir suvarma sistemlərinin istifadəsinin genişləndirilməsi və su infrastrukturunun yenilənməsi ilə bağlı daha effektiv addımlar atmalıdır. Su çatışmazlığı problemi son illər Azərbaycanda ən çox müzakirə edilən problemlərdəndir. Əsas da suya daha çox ehtiyac duyan, suyun daha çox qıt olduğu Aran bölgəsi bu problemdən daha çox əziyyət çəkir. Mediada əkinlərini suvarmaqda çətinlik çəkən, hətta içməli suya əli çatmayan insanların şikayətlərini tez-tez eşidir, görürük. Hələlik, hökumət bu problemin aradan qaldırılması istiqamətində mühüm addım atmayıb.

Ana səhifəİqtisadiyyatRəsmi: Ötən il Azərbaycanda suvarma suyunun yarıdan çoxu itkiyə gedib