“Sürücü tərəfindən Oqtay Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməyib”
Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam edir.
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir.
Məlumatda deyilir ki, oktyabrın 29-da çağrı nömrəsi “9933” olan “A taksi” şirkətində sürücü işləyən Kənan Abdullayev Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində sola dönərkən piyada keçidi ilə yolu keçən Oqtay Gülalıyevi ehtiyatsızlıqdan vurub. Onun ağır dərəcəli bədən xəsarəti almasına səbəb olub:
“Buna görə Kənan Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib”.
Məlumatda o da deyilir ki, hadisədən sonra “Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameralarının qeydə aldığı görüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat xidməti kütləvi informasiya vasitələrinə (KİV) verib. Buna baxmayaraq hələ də bəzi KİV-lər və sosial şəbəkələrdəki insanlar hadisənin qəsdən törədildiyini söyləyir.
“O məlumatlar istintaqla sübuta yetirilməyib. Araşdırma zamanı müəyyən edilib ki, Oqtay Gülalıyev hadisə yerindən tamamilə kənarda Xətai rayonu ərazisində yaşayır. Həmin gün ora bir nəfər tanışı ilə görüşmək üçün gedib. Həmin marşrutdan gündəlik və ya daimi istifadə etməyib. Sürücü Kənan Abdullayev isə sentyabrdan hər gün saat 17:30-da Nizami küçəsində olan hazırlıq kursundan qonşusunun övladını götürür. Bütün bunlar hadisənin planlı şəkildə baş vermədiyini göstərir”.
Bundan başqa, məlumatda deyilir ki, hadisədən 2 saat öncə sürücü və Oqtay Gülalıyevin hərəkət trayektoriyaları, hadisədən sonra sürücünün Oqtay Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə apardığı marşrut da “Təhlükəsiz Şəhər” Xidmətinin kameraları, eləcə də istifadə etdikləri telefon nömrələrinin anten dairələri vasitəsilə müəyyən edilib:
“Onlar hadisədən əvvəl müxtəlif istiqamətlərdə hərəkətdə olublar. Hadisədən öncəki hərəkət istiqamətləri heç bir halda kəsişməyib. Sürücü tərəfindən Oqtay Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməyib”.
Məlumatda bildirilir ki, sürücü Oqtay Gülalıyevi 1 saylı Klinik Tibbi Mərkəzə vaxtında və ən yaxşı marşurtla çatdırıb.
“İstintaq zamanı sürücü Kənan Abdullayevin şəxsiyyəti, əlaqələri, ailə vəziyyəti və barəsində digər zəruri məlumatlar da toplanıb. Müəyyən edilib ki, o, 1984-cü ildə Mingəçevirdə doğulub. 2009-cu ildə işləmək məqsədilə Bakıya gəlib. 2019-cu ilin iyunundan burada taksi sürməyə başlayıb. Ailəlidir, bir övladı var. Əvvəllər məhkum olmayıb”.
Oqtay Gülalıyevə göstərilmiş tibbi yardımın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması hissəsində istintaq tədbirləri davam edir. Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxsin məhkəmə məsuliyyətinə verilməsi təmin ediləcək.
Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.
Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video görüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oqtay Gülalıyevi xəstəxanaya çatdırıb.
Oqtay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.
Durumu düzəlməyən xəstəyə baxmaq üçün Türkiyədən həkimlər dəvət olunub. Daha sonra isə o, Müalicə üçün Türkiyəyə göndərilib.
Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.
O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.