Rəsmi: İcazə tarixini dəyişən şəxs 25 sutka həbs edildi

Telefonundan bir gündə 90 SMS göndərən şəxs cərimələnib

Source: Meydan TV


Telefonundan bir gündə 90 SMS göndərən şəxs cərimələnib

Aprelin 7-də“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan “8103" qısa nömrəsi ilə bağlı iki olay sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Rəsmi məlumata görə, Sumqayıt sakini Nail Yaqubov saxlanılıb. O, “8103” qısa nömrəsindən gələn razılıq SMS-nin tarixini xüsusi kompüter proqramları vasitəsilə saxtalaşdıraraq karantin rejimi qaydalarını kobud sürətdə pozub.

“Report” yazır ki, N.Yaqubov mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib. Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. N.Yaqubov İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 25 sutka həbs edilib.

Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramov isə 8103 nömrəsinə icazə almaq üçün 90-na yaxın SMS göndərib. O, 18-ci Polis Şöbəsində verdiyi ifadəsində bundan xəbərsiz olduğunu və 5-ci sinifdə oxuyan oğlu U.Bəhramlı tərəfindən SMS-lər göndərildiyini bildirib.

Ancaq İlham Bəhramov İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək cərimə edilib.

DİN yaydığı məlumatda qeyd edib ki, qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin 8103-ə yönləndirilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara vaxtında cavab mesajının göndərilməsinə maneə törədir.

“Vətəndaşlardan belə hallara yol verməməyi tələb edərək bildiririk ki, əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək”, – DİN-in məlumatında deyilir.

Azərbaycan Nazirlər Kabineti aprelin 5-dən aprelin 20-dək ciddi karantin rejiminə keçidlə bağlı qərar qəbul edib. Bu müddətdə vətəndaşlar yalnız 3 halda evdən çıxa biləcəklər: Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün. Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almaq üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər.

Ana səhifəXəbərlərRəsmi: İcazə tarixini dəyişən şəxs 25 sutka həbs edildi