Rəsmi Bakı: “İrandakı səfirliyin konsulluq şöbəsinin fəaliyyəti bərpa edilib”

Foto: arxiv

Şöbənin dekabrın 15-dən işə başlayacağı deyilir

Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsinin fəaliyyətinin bərpa edildiyi bildirilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, 2024-cü il dekabrın 15-dən etibarən Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir.

İranla Azərbaycan arasında nə baş vermişdi?

2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini 2024-cü il iyulun 15-də bərpa edib.

Ana səhifəSiyasətRəsmi Bakı: “İrandakı səfirliyin konsulluq şöbəsinin fəaliyyəti bərpa edilib”