“Blinken Azərbaycanda azadlıqlarının qorunması ilə bağlı vəziyyəti təhrif edir”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət katibi Entoni Blinkenin Bakını siyasi məhbusları dərhal azad etməklə bağlı çağırışına cavab verib.
XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Entoni Blinken Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edir. O əlavə edib ki, XİN Blinkenin Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edir.
XİN sözçüsü hesab edir ki, Blinkenin dörd il ərzində ABŞ Dövlət Departamentinə rəhbərlik etdiyi dövrdə iki ölkə arasındakı münasibətlər dövlət katibinin Azərbaycanın daxili işlərinə müdaxiləsi səbəbindən pisləşib.
“Sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Entoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur”.
Azərbaycan XİN ümid edir ki, yeni Prezident Donald Trampın idarəçiliyi dövründə münasibətlər yaxşılığa doğru bərpa olunacaq.
“Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq”, – Azərbaycan XİN sözçüsünün şərhində deyilir.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken dekabrın 11-də Azərbaycan hökumətini insan hüquqlarını müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə çağıran bəyanatla çıxış edib.
“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, Meydan TV-nin bu yaxınlarda həbs olunan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır”,– Entoni Blinkenin bəyanatında deyilir.
Dövlət katibi Azərbaycan hökumətinin haqsız yerə həbs olunanları azad etməyə çağırıb.