İlkin istintaq dövrü üçün barəsində Sabunçu Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Mayın 20-də saxlanılan bloger Rəşad Ramazanova qarşı narkotik ittihamı irəli sürülüb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Könül Ramazanova məlumat verərək bildirib ki, Rəşad Ramazanov haqqında artıq həbs qərarı verilib. O, mayın 21-də məhkəmənin qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb.
Könül Ramazanova deyir ki, onlara bu haqda həyat yoldaşına dövlət hesabına ayrılan vəkil məlumat verib. Vəkil bildirib ki, Rəşad Ramazanova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. İlkin istintaq dövrü üçün barəsində Sabunçu Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun üzərindən 10 qram narkotik maddə tapıldığı iddia olunur. İstintaq Sabunçu Rayon Polis İdarəsində aparılır.
Könül Ramazanova həyat yoldaşının təqsirsiz olduğunu, onun sosial şəbəkələrdəki paylaşımlarına görə şərləndiyini bildirib.
Rəşad Ramazanov 2013-cü ilin may ayında da həbs olunmuşdu. O, narkotik ittihamıyla 9 il azadlıqdan məhrum edilmişdi. Rəşad Ramazanov o zaman da ittihamı qəbul etmir, sosial şəbəkələrdə hökuməti, o cümlədən prezidenti tənqid edən paylaşımlarına görə cəzalandırıldığını bildirirdi.
O, 2019-cu ilin martın 16-da əfv sərəncamı ilə azadlığa buraxılandan sonra Gürcüstana köçüb, orada yaşamağa başlamışdı. Lakin ölkədən kənarda olduğu dövrdə də “Facebook” hesabından Azərbaycan hökumətinin, prezidentin ünvanına sərt fikirlər səsləndirməkdə davam edirdi. O, bir müddət öncə Azərbaycana qayıtmışdı.