Rəqibi: Zahid Oruc seçki normativlərinin ziddinə gedir

Zahid Oruc rəqibinin dediklərini onun subyektiv fikri sayır.

Zahid Oruc, Foto: Modern.az


Deputatlığa namizəd Zöhrab Əliyev Prezidentə müraciət etdi

94 saylı Bərdə kənd Seçki Dairəsindən namizəd Zöhrab Camal oğlu Əliyev Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

“Ölkə ictimayətində uzun illərə söykənən formalaşmış belə bir fikir var ki, bir sıra parlamentarilər şəxsən sizin istək və xeyir-duanız ilə Mili Məclisdə mandat qazanmışlar.

Qeyd edim ki, bunun nə qədər həqiqəti əks etdirməsini deyə bilmərəm. Ancaq bu gün belə fikrin formalaşmasına nəzəri məntiq əsasında izin verən nüanslara görə sizə müraciət edirəm”.

Zöhrab Əliyev yazır ki, namizədi olduğu seçki dairəsindən oppenenti Zahid Oruc barədə Prezidentdən yan ötməyəcək məqamların birləşməsi ilə bağlı qəbuledilməz bir situasiya yaranıb:

“Vaxtilə Zahid Oruc, tərəfinizdən, məhz sizin etimadınızla Sosial Tədqiqatlar Mərkəzinin sədri təyin olunub. Bununla da digər deputatlar fərqində inam göstərdiyiniz, bu şəxs sizə yaxın adam olaraq tanındı. Bu deyilənlər onun tərəfindən nə inkar, nə də ki təsdiq edildi. Belə bir tanıtımla əvvəlki imic və adı daha da dolğunlaşdı.

Bu gün həmin şəxs, ənənəvi olaraq 94 saylı Bərdə kənd seçki dairəsindən yenə də deputatlığa namizəddir.

Bu müraciəti yazmaqda məqsədim onun namizədliyinə olan narahatlıqdan deyildir. Əksinə, səmimi deyim ki, elə bir şəxsin seçkidə rəqib qismində iştirakı mən və digər namizədlər üçün demokratk seçki şəraitində məhz bu dairədə arzu olunandır.

30 ildir Bərdədə yaşayan, rayon həyatında baş verən hər bir hadisəni yaxından izləyən şəxs olaraq müşahidələrim əminlikə bunu deməyə əsas verir ki, Zahid müəllim minimal həddə belə seçici səsini qazanacaq imicdə deyil. İfadələrim nə rəqibə qarşı qara piar vasitəsidir, nə də oxşar digər amillərdən irəli gəlir. Sadəcə çox adi faktların əksidir ki, bunu da mən demək məcburiyyətindəyəm”.

Zöhrab Əliyev müraciətinin səbəbini də açıqlayıb:

“Çünki seçki kampaniyası işlərində Zahid Oruca sahib olduğu pozisiyalara görə rayon icra hakimiyyətinin sərhədsiz adminstrativ dəstəyi göz önündədir.

Zahid Oruc bütün seçki normativlərinin ziddinə gedir. Onun həm icra strukturlarının imkanlarından istifadə, həm də şəxsi maddi vəsaitələri ilə seçiciləri satın almağı qərarlaşdırması baxımından kifayət qədər sübut və dəlillər var. Bərdənin Soğanverdilər kəndinə arteziyan quyusu qazdırmaq, Məşədiibişli kəndində qaz xətləri çəkdirmək, Dəymədağlı kəndində məktəb binasının hasarının təmir etdirilməsi, Mollalı kəndində yol çəkdirmək, rayon icra aparatı vasitəsilə görüşlərə məcburi şəkildə seçicilərin gətirilməsi və s. faktlar mövcuddur.

Cənab Prezident, sual edirəm. Əcəba görülən bu sosialyönlü işlər Zahid Orucun namizəd deyil, deputat səlahiyyətlərini daşıdığı vaxtda olardısa, o zaman bu amillər hər baxımdan məqbul deyildirmi?

Səmimi müraciətim siyasi üslub və adi vətəndaş səmimiyyətinin ortam qatqısından olduğundan bu ritorikanı da qeyd edim ki, Prezidentin etimad göstərdiyi şəxs, davranışında spekulyativ rəftarlara yol verirsə, o zaman bunu necə dəyərləndirmək olar ?

Bu sual seçicilər ilə görüşlər zamanında mənə ünvanlanmış suallardandır. Çox istərdik ki, bu qəbildən olan sualların cavabı gərəkən ünvan tərəfindən göstəriləcək hüquqi qiymətləndirmə ilə öz təsdiqini tapsın”.

Meydan TV Zöhrab Əliyevin müraciəti ilə bağlı Zahid Oruca sorğu göndərib. Zahid Oruc cavabında bildirib ki, o, ötən müddətdə təmsil etdiyi Bərdənin ictimai yüklü onlarla probleminə çiyin verib. Baxmayaraq ki, klassik mənada Milli Məclis üzvü birinci növbədə xalq təmsilçiliyi institutunun nümayəndəsidir:

“O, qanun yaradıcılığı prosesində, siyasi təşəbbüskarlıqda, dövləti daxili və beynəlxalq məkanda təmsilçilikdə önəmli rol oynayır. Bununla bərabər on illərdir deputatlıq həm də təmsil etdiyin bölgənin müxtəlif sosial-iqtisadi xarakterli problemlərini hökumət qarşısında qaldırmaq, vətəndaşla dövlət arasında körpü olmaqdır. Bunları görüşdə insanlar da söyləyir”.

Zahid Oruc rəqibinin dediklərini onun subyektiv fikri sayır. Deyir, o, ReAL Partiyasının sədri İlqar Məmmədovu da hər hansı bir dairədə məğlub edə bilər:

“Hətta BMT-nin müşahidəçilərini də gözləyirəm. Meydan TV-ni dəvət edirəm, gəlib, çəksinlər. Gəlin, 9 fevralda Bərdədə seçkini müşahidə edin”.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətRəqibi: Zahid Oruc seçki normativlərinin ziddinə gedir