Jurnalist narkotiki üzərinə götürmədiyi üçün döyüldüyünü deyib
Dekabrın 11-də saxlanılan reportyor, “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dekabrın 12-də axşam saat 19.00 radələrində Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoy jurnalist haqqında həbs qərarı çıxarıb.
Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə təkrar törədildikdə) maddələrilə ittiham olunur. İddia olunur ki, o, video-reportajları silmək üçün iki nəfərdən pul tələb edib.
Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində jurnalistin istintaq dövründə həbsdə saxlanması üçün verilmiş təqdimata baxılanda Teymur Kərimov bildirib ki, bu ittiham tamamilə yalandır. Onun sözlərinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul etmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.
Teymur Kərimov deyib ki, o, heç kimdən hədə-qorxu ilə pul istəməyib. Həbsinin səbəbi jurnalist fəaliyyəti, hazırladığı video-reportajlardır. O xatırladıb ki, noyabrın 20-dən bu yana ölkədə 6 jurnalist həbs olunub.
Jurnalistin vəkili Nemət Kərimli də məhkəmədə deyib ki, onun həbsi üçün heç bir əsas yoxdur. Vəkilin sözlərinə görə, hətta hədə-qorxu ilə tələbetmə ittihamı varsa belə, Teymur Kərimov həbsdə saxlanmadan da istintaq aparıla bilər.
Müstəntiq isə iddia edib ki, Teymur Kərimov istintaqdan yayına, prosesin gedişinə mane ola bilər. Bu səbəbdən mütləq həbsdə saxlanmalıdır.
Hakim Xalidə Əlisoy qısa müşavirədən sonra Teymur Kərimov haqqında təqdimatın təmin olunduğunu, istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçildiyini elan edib.
Vəkil Nemət Kərimli AzadlıqRadiosu-na bildirib ki, qərardan apelyasiya şikayəti verəcək.
Teymur Kərimovla dekabrın 11-də günorta saat 12.00 radələrindən sonra əlaqə saxlamaq mümkün olmayıb. Yaxınlarının bildirdiyinə görə, bir sutkaya yaxın müddətdə onlara jurnalistin yeri barədə heç bir məlumat verilməyib. Yalnız dekabrın 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti onun şübhəli şəxs qismində saxlandığını və hədə-qorxu ilə tələbetmədə ittiham olunduğunu açıqlayıb.
“Kanal 11” internet televiziyasının Teymur Kərimovla bağlı yaydığı bəyanatda bildirilir ki, reportyor çəkdiyi video-reportajlara görə təzyiqlərə məruz qalıb. Söhbət polislərin Qarabağ qazilərinə qarşı zorakılığı və onların buna etirazından bəhs edən videodan gedir.
“Teymur Kərimov bir müddət əvvəl qazilərin polislər tərəfindən zorakılığa məruz qalması və buna etiraz etmələrini işıqlandırdığı üçün hədəfə gəlib. Video-reportajların silinməsi üçün ona hədə-qorxu gəliblər. İzahat almaq adıyla polisə dəvət edilib…”.
Teymur Kərimova ittiham verilən maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Son 3 həftə ərzində Azərbaycanda xeyli media nümayəndəsi həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), layihə koordinatoru Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova, “Kanal13” internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, bu kanalın aparıcısı Rüfət Muradlı da var.
“Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır”, – “Kanal 11”in bəyanatında vurğulanıb.