Regionlarda fəaliyyət göstərən biznes müəssisələri ixtisaslı və peşəkar kadr tapmaqda ciddi çətinliklərlə üzləşirlər. Dövlət Məşğulluq Agentliyinin (DMA) bu mövzu ilə bağlı 225 kiçik, orta və iri sahibkar arasında keçirdiyi sorğunun nəticələrinə əsasən belə demək olar.
DMA-nın “Əmək bazarı” bülleteninin 5-ci sayı məhz regionlar üzrə ixtisas uyğunsuzluğu və kadr çatışmazlığının ətraflı təhlilinə həsr olunub. Sorğu əsasında aparılan araşdırma göstərir ki, son bir il ərzində regionlarda ən çox vakansiya elan edilən sahələr əsasən texniki peşələr olub. Bu kateqoriyaya elektrik, mexanik, usta və digər oxşar ixtisaslar daxildir. Müəssisələrin 21,2 faizi bu istiqamətdə vakansiya elan etdiyi qeyd edilib. Satış və marketinq sahəsi üzrə vakansiyalar isə 17,1 faiz təşkil edib.
Sonrakı yerlərdə mühasibatlıq və maliyyə (13,5%), tikinti və fiziki işlər (13,1%), eləcə də kənd təsərrüfatı və heyvandarlıq (13,1%) sahələri qərarlaşıb. Digər vakansiyalar İT və rəqəmsal sahələr, ofis və inzibati dəstək işləri, turizm və xidmət sektorunu əhatə edir.

Sorğunun nəticələrinə görə, xüsusi bilik və peşə bacarığı tələb etməyən vakansiyalar üzrə işçi tapmaqda ciddi problem müşahidə olunmur. Lakin ali və peşə təhsili tələb edilən sahələrdə kadr çatışmazlığı özünü qabarıq göstərir. Məsələn, işəgötürənlərin 16,7 faizi satış və marketinq sahəsində kadr çatışmazlığı yaşadıqlarını bildiriblər.
Regionlarda texniki ixtisaslar (xüsusi peşə sahibləri) üzrə kadr qıtlığı 15,8 faiz göstərici ilə ikinci yerdə qərarlaşıb. Daha sonrakı yerdə mühasibatlıq və maliyyə ixtisasları üzrə kadr ehtiyacı gəlir. Sahibkarların 15,3 faizi bu sahədə uyğun mütəxəssis tapa bilmədiklərini qeyd edib.
Tikinti və fiziki işlər üzrə işçi tapmaqda çətinlik çəkənlərin payı 9,5 faiz təşkil edib.
Maraqlıdır ki, ölkə əhalisinin təxminən 40 faizi kənd təsərrüfatı və heyvandarlıq sahəsində çalışsa da, sahibkarların 7,7 faizi bu sektorda işçi tapmaqda çətinlik yaşadığını bildirib. Çox böyük ehtimalla bu, aqrar sektoru üzrə ixtisaslı kadrların qıtlığından irəli gəlir.
Regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələri də tibbi kadrların tapılmasında müəyyən problemlərlə üzləşirlər. Belə ki, bu sektorda işəgötürənlərin 5,4 faizi kadr tapmaqda çətinlik çəkdiyini qeyd edib.
İşəgötürənlərin əsas şikayəti vakansiya zamanı uyğun namizədin tapılması ilə əlaqədar yaşadıqları problemlərdən ibarətdir. Onların fikrincə, namizədlərin bilik, bacarıq və təcrübələri vakansiyaların tələblərinə uyğun gəlmir. Məşğulluq Agentliyinin hesabatında da vurğulanır ki, ən böyük çətinliklər ixtisaslı ustalar, mühəndislər, texniki mütəxəssislər və bəzi xidmət sahələrində müşahidə olunur. Sorğunun nəticələri də göstərir ki, bu problemin əsas səbəbləri ixtisaslı kadr çatışmazlığı ilə yanaşı, zəif peşə bacarıqlarıdır.
Müəssisə sahiblərinin 39,2 faizi uyğun kadr tapa bilməmələrinin əsas səbəbini məhz peşə bacarıqlarının olmamasında, 35,6 faizi regionda müvafiq sahə üzrə mütəxəssis çatışmazlığında, 33,3 faizi isə namizədlərin təcrübəsizliyində görür. Respondentlərin 28,8 faizi namizədlərin ümumi iş vərdişlərinin zəif olduğunu düşünür. Sahibkarların 23,4 faizi namizədlərin əməkhaqqı gözləntilərinin yüksək olmasını problem kimi qeyd edib. Eyni zamanda müəssisələrin 15,3 faizi rəqəmsal bacarıqlara malik işçi tapa bilmədiklərini bildirib. Bu da regionlarda informasiya texnologiyaları sahəsində ixtisaslı kadr çatışmazlığının mövcud olduğunu göstərir.
Agentliyin gəldiyi qənaətə görə, regionlarda məşğulluqla bağlı əsas çağırış vakansiyaların sayının azlığı deyil, mövcud namizəd profilinin əmək bazarının tələblərinə uyğun olmamasıdır. Belə ki, respondentlərin 24,8 faizi ali təhsilli mütəxəssislər, 18,5 faizi peşə təhsilli ixtisaslı işçilər, 11,3 faizi isə təcrübəli ustalar üzrə uyğun namizəd tapmaqda çətinlik yaşadıqlarını qeyd edib. Eyni zamanda onların 18,4 faizi bütün kateqoriyalar üzrə ümumi çətinliyin mövcud olduğunu bildirib.