Rəfael Cəbrayılovun köməkçisi məhkəmədə nələr danışdı?

Rəfael Cəbrayılov, Foto: Real TV-dən screenshot

50-60 kvadratmetrlik bir neçə mənzili vardı. Səhv eləmirəmsə, ya satdı, ya da zərərçəkmiş Məlahət xanıma verdi”

Həbsdə vəfat edən keçmiş deputat Rəfael Cəbrayılov Milli Məclisin üzvü olduğu dövrdə parlamentdə onun köməkçisi olmuş Faiq Bayramov martın 31-də məhkəmədə dindirilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum deputatın işi üzrə şahid qismində ifadə verib.

Rəfael Cəbrayılov müxtəlif adamlardan pul alıb qaytarmamaqda, qardaşlarıyla birlikdə idarə etdikləri tikinti şirkətindən ev, mənzil satmaq adıyla bir neçə vətəndaşı aldatmaqda ittiham olunaraq, 2021-ci ilin aprelində həbs olunmuşdu.

Faiq Bayramov bildirib ki, köməkçisi olduğu deputat ətrafındakı problemlərdən media vasitəsilə xəbər tutub. 2015-ci ildə müxtəlif saytlarda Rəfael Cəbrayılovun ayrı-ayrı adamları pul alıb aldatması haqda yazılar yayımlanıb. O vaxta qədər bu məsələlərdən xəbəri olmadığını deyən şahidin sözlərinə görə, “Dərhal” tikinti şirkətinin Cəbrayılovlar ailəsinə məxsusluğunu da ondan sonra bilib: “Dərhal” MMC onların ailə biznesi olub. Bunu da ictimailəşəndən sonra bilmişəm”.

Şahiddən məhkəmədə soruşulub ki, Rəfael Cəbrayılovun aldığı obyektlər haqqında məlumatı olubmu?

“50-60 kvadratmetrlik bir neçə mənzili vardı. Səhv eləmirəmsə, ya satdı, ya da zərərçəkmiş Məlahət xanıma verdi”, – Faiq Bayramov cavab verib.

Mərhum deputatın işi üzrə zərərçəkmiş qismində tanınanlardan biri də Təranə Fətəliyevadır. Rəfael Cəbrayılov aldığı pul müqabilində onun yanında deputat vəsiqəsini girov qoymuşdu. İddia olunur ki, Təranə Vəliyevaya 300 min dollar ziyan dəyib. O, istintaqa ifadəsində şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini desə də, məhkəməyə gəlməyib.

Martın 31-də məhkəmədə müdafiəçilər onun məhkəməyə gətirilməsini istəyiblər. Vəkillər vurğulayıb ki, o, işin içərisində ən mühüm şəxslərdəndir, digər zərərçəkmişlərlə qohumluq əlaqələri var, bir çoxunu Rəfael Cəbrayılovla o, tanış edib.

Prokuror onun iş materiallarında ifadəsi olduğunu, bu üzdən məhkəməyə gəlməsinə ehtiyac olmadığını desə də, vəkil Kamandar Nəsibov etiraz edib:

“O adamda olan məlumatlar bizim üçün çox vacibdir. İstintaqda dindirilib, amma biz daha geniş məlumatlar əldə etmək istəyirik. Neçə məhkəmə iclasıdır ki, onun gəlib ifadə verməsini gözləyirik”.

Hakim bildirib ki, növbəti məhkəmə iclasında onun iştirakı təmin olunacaq.

Məhkəmədə Kəmalə Şıxəliyeva da şahid kimi dindirilib. O bildirib ki, mərhum Rəfael Cəbrayılovdan 200 sot torpaq sahəsi alıblar. Buna görə notarial qaydada 340 min, sonradan sənədləşmə üçün daha 240 min dollar pul veriblər:

“Rəfael müəllimlə oğlum, yoldaşım görüşürdü. Pulu ödəyəndə şübhələnmişdim. Lakin oğlum deyirdi ki, deputatdır, iki aya həll edəcəyinə söz verib”.

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş Rəfael Cəbrayılov 2021-ci ilin sentyabrında həbsdə olarkən koronavirusa yoluxaraq vəfat edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülmüşdü.

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Ana səhifəSiyasətRəfael Cəbrayılovun köməkçisi məhkəmədə nələr danışdı?